Accessibility links

Azərbaycanda prezidentliyə namizədlərin sayı 6-ya çatıb


prezident seçkiləri
prezident seçkiləri

Dekabrın 18-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin və Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputat Razi Nurullayevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Bu barədə hər iki partiyanın bugünkü iclaslarında qərar qəbul edilib.

Qüdrət Həsənquliyev 1965-ci il yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Prezident Əbülfəz Elçibəyin hökumətində Dövlət katibinin köməkçisi işləyib. 2000-2003-cü illərdə Azərbaycan Mərkəzi Seçki Komissiyasının katibi olub.

Qüdrət Həsənquliyevin rəhbərliyi ilə 2004-cü il aprelin 3-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası təsis edilib.

Həsənquliyev ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavinidir.

O, 2003, 2008, 2013 və 2018-ci illərdə prezident seçkilərində prezidentliyə namizəd olub.

Razi Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsini və Cənubi Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsini bitirib.

2009-cu ilin sentyabrından 2015-ci ilin fevralınadək Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub.

Nurullayev 2020-ci ildə Milli Cəbhə Partiyasını təsis edib.

Razi Nurullayev 2018-ci ildə Prezident seçkilərində prezidentliyə namizəd olub.

Bununla Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı 6-ya çatıb.

İndiyədək hazırki prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri Fazil Mustafanın, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun və Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin namizədliyi irəli sürülüb.

Müxalifət partiyaları - Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyaasi seçkiləri boykot etmək barədə qərar qəbul edib.

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.

Bununla yanaşı, növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib. Növbədənkənar seçkilər ölkədə hər hansı siyasi partiya tərəfindən təşəbbüs irəli sürülmədən elan edilib.

Forum

XS
SM
MD
LG