Təbrizdə bir kafe hicaba riayət olunmadığı üçün möhürlənib

İranda iş yerlərinin möhürlənməsi

Təbrizin Xosrovşah şəhərində bir kafe hicab qaydalarına əməl edilmədiyi üçün polis qüvvələri tərəfindən möhürlənib.

İSNA xəbər agentliyi Təbriz polis komandirinə istinadən xəbər verib ki, bir kafe rəqs və qadın və kişilərin iştirakı ilə qarışıq mərasimin keçirilməsi və hicab qanununa geniş şəkildə əməl edilmədiyi səbəbindən möhürlənib.

Təbriz polis komandiri polkovnik Yədullah Cahanara bildirib ki, "Xosrovşah polis məmurları hadisə yerində olub, bu pozuntuları təsdiqlədikdən sonra möhürləmə bildirişi veriblər və bu kafe qaydalara uyğun olaraq möhürlənib."

2022-ci ildə keçirilən ümummilli aksiyalardan sonra İran İslam Respublikası vətəndaşları mədəni itaətsizlik kampaniyası çərçivəsində məcburi hicab qanununa qarşı gələrək, ümumi yerlərə baş örtüyü olmadan çıxırlar.

İran hökuməti məcburi hicab qanununa qarşı vətəndaşların mədəni itaətsizliyinin çoxalmasına cavab olaraq "İffət və Hicab layihəsini" gündəmə gətirib, şəhərlərdə kafe, fitness klubları və turizm mərkəzlərini möhürləməklə həmin qanuna qarşı çıxan vətəndaşlara təzyiqini artıtır.

Bu xəbər sosial mediada bəzi istifadəçilərin reaksiyasına səbəb olub. Bir çox istifadəçilər kafenin möhürlənməsi xəbərinə cavab olaraq, İslam Respublikası hökumətindəki iqtisadi korrupsiya məsələsini gündəmə gətirib, polisin ciddi mübarizə aparmalı olduğu məsələnin iqtisadi korrupsiya olduğunu vurğulayıblar. Bəzi istifadəçilər də bir sıra gənclərin işsiz qalması ilə nəticələnən həmin kafe və mağazalar və başqa iş yerlərinin bağlanmasını tənqid ediblər.

Keçən il İranda gənc qadın Məhsa Əmininin əxlaq polisinin nəzarətində ikən ölməsi və ardından baş verən kütləvi etiraz aksiyalarına baxmayaraq, hökumət qadın geyimlərinə nəzarətini gücləndirib.

İran İslam Respublikası qadınların geyimlərinə daha ciddi nəzarət etmək üçün bir sıra iş yerlərini və ticarət mərkəzlərini qadınların məcburi hicaba əməl etmədiklərini əsas gətirərək möhürləməyə başlayıb.