Avroparlament deputatları Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılmasına dair birgə bəyanatını alqışlayıblar

Avropa Parlamenti

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand, Parlamentin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko və Ermənistan üzrə məruzəçisi Andrey Kovaçev Azərbaycan və Ermənistanın hərbçilərin azad edilməsi və etimad quruculuğu istiqamətində addımların atılmasına dair birgə bəyanatını alqışlayıblar.

Birgə bəyanatın “regionda daha yaxşı gələcək üçün ümidverici siqnal” olduğunu qeyd edən parlamentarlar, xüsusən məhbusların azad edilməsi ilə bağlı razılığı alqışladıqlarını, eyni humanizm ruhunda tezliklə digər erməni məhbusların azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı məsələlərə baxılmasını təşviq etdiklərini bildiriblər.

“Birgə bəyanat hərtərəfli sülh müqaviləsinə nail olmaq üçün zəruri etimadın yaradılması istiqamətində mühüm addımdır. Biz hər iki ölkəni danışıqları davam etdirməyə qətiyyətlə təşviq edir, Avropa İttifaqı Şurasının Prezidentinin suverenliyin, ərazi bütövlüyünün, güc tətbiq etməmə və sərhədlərin toxunulmazlığının qarşılıqlı şəkildə tanınmasına əsaslanan sülh prosesi səylərini dəstəkləməyə davam edirik,” Avropa Parlamenti deputatlarının 13 dekabr tarixində yaydıqları bəyanatda qeyd edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı 7 dekabr tarixində birgə bəyanat yayaraq iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına, o cümlədən hərbçilərin azad edilməsinə dair razılıq əldə olunduğunu bildiriblər.

SEE ALSO: Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə hərbçiləri azad edib

Dekabrın 13-də Azərbaycan və Ermənistanın delimitasiya olunmamış şərti sərhədində, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində hərbçilərin mübadiləsi olub. Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini təhvil verib.

Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılmasına dair birgə bəyanatı beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı və ABŞ tərəfindən müsbət qarşılanıb.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel dekabrın 11-i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra Cənubi Qafqazda sülh üçün tarixi şansın olduğunu deyib.

“Cənubi Qafqazda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi şans var. Aİ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini dəstəkləməyə tam sadiqdir,” Borrel X səhifəsində yazıb.

Öz növbəsində ABŞ Cənubi Qafqazda davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcəyini vurğulayıb.