Müsavat Partiyasının başqanının oğlu ev dustaqlığına buraxılmayıb

Orxan Hacılı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi noyabrın 22-də Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib.

“Bu işin spesifik xüsusiyyətləri var. Hüquqlarını müdafiə etdiyim şəxsin ittiham olunduğu maddələrin sanksiyasında iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Prosessual qanunvericiliyə əsasən iki ilədək azadlıqdan məhrumetmə cəzası ilə bağlı yalnız o halda həbs qətimkan tədbiri seçilə bilər ki, günahlandırılan şəxs cinayət təqibini həyata keçirən orqanlardan gizlənsin”, Kərimli qeyd edib.

Your browser doesn’t support HTML5

Nemət Kərimli: Arif Hacılının oğlu ev dustaqlığına buraxılmayıb

Vəkil hesab edir ki, Orxan Hacılı ilə bağlı həbs qərarı prosessual qanunvericiliyin pozuntusudur.

Orxan Hacılıya qarşı noyabrın 1-də Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb. Noyabrın 2-də Orxan Hacılı barədə iki aylıq həbs qətimkan tədbiri seçilib.

Kərimli deyib ki, həbsdən öncə hadisə ilə bağlı sosial şəbəkələrdə video-görüntülər yayılıb.

"Orxan avtomobillə hərəkət edərkən qarşısına çıxan avtomobil sol tərəfə manevr edərək qaydanı pozur. Orxan avtomobili yayındırarkən həmin avtomobilə toxunur. Daha sonra Orxan avtomobilindən düşür həmin şəxslərlə görüşür. Həmin şəxslər hər hansı xəsarətin olmadığını bildirir. Hadisədən təxminən 20 gün keçəndən sonra deyirlər ki, guya orada səkidə kimsə oturubmuş, ona avtomobil dəyib və kəllə-beyin travması alıb”, Kərimli qeyd edib.