Amnesty International təşkilatı ötən gün noyabrın 20-də saxlanılan Abzas Media xəbər saytının direktoru Ülvi Həsənlinin sərbəst buraxılmasına çağırıb, onun saxlanılarkən pis rəftara məruz qalması ilə bağlı yayılan xəbərlərdən narahatlıq ifadə edib.
“Ülvi Həsənlinin həbsi hakimiyyətin müxalif fikirləri boğmaq üçün öz tənqidçilərini həbs etməsi nümunəsinə uyğundur”, Amnesty International təşkilatının bəyanatında qeyd edilir.
Təşkilatın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze qeyd edib ki, Abzas Media Azərbaycanda yüksək səviyyəli korrupsiya iddialarını cəsarətlə ifşa edib və ictimai maraq doğuran önəmli məsələləri işıqlandırıb.
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də bəyanat yayaraq Azərbaycan hakimiyyətini Ülvi Həsənlini azad etməyə, müstəqil medianın sərbəst fəaliyyətinə imkan verməyə çağırıb.
“Azərbaycanda hələ də rəsmi korrupsiya faktlarını araşdırmaq cəsarətində olan azsaylı yerli media orqanlarından biri olan Abzas Medianın ofisinə basqın və onun direktoru Ülvi Həsənlinin həbsi, görünür, bu medianın qabaqcıl jurnalistikasına görə cəzalandırılmasıdır”, CPJ qeyd edib.
Ülvi Həsənli noyabrın 20-də Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılarkən döyüldüyünü və pis rəftara məruz qaldığını bildirib. Vəkilinin məlumatına görə, Ülvi Həsənli Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham edilir.
Həsənli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə və korrupsiya araşdırmalarına görə saxlanıldığını qeyd edir.
Ülvi Həsənli ilə yanaşı noyabrın 21-i Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı da saxlanılıb. Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə qaçalmalçılıq) maddəsi ilə cinayət işi açılıb.
Ötən gün həmçinin ictimai fəal Məhəmməd Kekalov mülki geyimli şəxslər tərəfindən saxlandığı bildirilir.. Kekalovun saxlanılmasından bir sutkadan artıq vaxt keçsə də, vəkili onun barəsində hər hansı məlumat ala bilmədiklərini deyib.
Hüquq müdafiəçiləri saxlanılma barədə məlumat verilməməsinin, saxlanılan şəxsin ailəsi və ya vəkili ilə əlaqə yaratmasına imkan verilməməsinin şəxsin pis rəftara məruz qalma riskini artırdığını qeyd edir. Hüquqşünas Emin Abbasov bu cür gizli həbsetmə təcrübəsindən adətən məcburi etiraflar vasitəsilə saxta ittihama hekayə yaratmaq üçün istifadə edildiyini bildirib.