Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gəldiklərini, ancaq hələ də "fərqli diplomatik dillərdə" danışdıqlarını və tez-tez bir-birilərini başa düşmədiklərini deyib.
Noyabrın 18-də ATƏT Parlament Assambleyasının Yerevanda keçirilən payız sessiyasındakı çıxışı zamanı Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı "həm yaxşı, həm də pis xəbərin" olduğunu deyən Nikol Paşinyan sülh müqaviləsinin əsas prinsiplərinə dair razılığa gəldiklərini və bunun yaxşı xəbər olduğunu bildirib.
Ermənistanın Baş naziri qeyd edib ki, tərəflər arasında 1991-ci il Almatı bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünə qarşılıqlı hörmət və nəqliyyat xətlərinin ölkələrin suverenliyi, yurisdiksiyası, qarşılıqlılığı və bərabərliyi prinsipləri əsasında yenidən açılması barədə razılıq var.
"Bu, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə mənim Brüsseldə keçirdiyimiz görüşlər nəticəsində baş verib. Həmin razılaşmalar Şarl Mişelin üçtərəfli görüşlərin yekunu ilə 14 may və 15 iyul tarixli bəyanatlarında qeyd edilib", Nikol Paşinyan vurğulayıb.
"Pis xəbərə" gəldikdə Ermənistan Baş Naziri tərəflərin "fərqli diplomatik dillərdə" danışdıqlarını və tez-tez bir-birilərini başa düşmədiklərini, ancaq bunun da obyektiv səbəblərinin olduğunu, çoxillik münaqişə, minlərlə qurban, onilliklər boyu sürən nifrət mühitinin bu vəziyyətin yaranmasına gətirib çıxardığını qeyd edib.
Paşinyan həmçinin Azərbaycanın sülh müqaviləsi ilə bağlı razılaşdırılmış prinsiplərə sadiqliyini təsdiqləmədiyini və bunun inamsızlıq mühitini dərinləşdirdiyini bildirib, Azərbaycanlı rəsmilərin Ermənistanı "Qərbi Azərbaycan" adlandırması ilə bağlı narahatlıq ifadə edib.
"Bu, Ermənistana qarşı yeni müharibənin, yeni hərbi təcavüzün təşkilinə hazırlıq kimi görünür və sülh prosesinin irəliləyişinə əsas maneələrdən biridir", Paşinyan əlavə edib.
Çıxışının sonunda Ermənistanın sülh gündəliyinə sadiq olduğunu təsdiqləyən Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səyləri gücləndirmək niyyətində olduğunu açıqlayıb.
Rəsmi Bakı Nikol Paşinyanın çıxışına münasibət bildirərək onun ziddiyətli fikirlər səsləndirdiyini qeyd edib, Ermənistan tərəfini sülh prosesini yubatmaqda günahlandırıb.
"Ermənistan Baş nazirinin baza prinsiplər və sərhədlərin demarkasiyası üzrə iki ölkə arasında anlaşma olduğunu, Ermənistan və Azərbaycanın ərazi iddialarının olmadığını bildirməklə yanaşı, ölkəmizin Ermənistana qarşı müharibəyə hazırlaşdığını bəyan etməsi Ermənistan rəsmilərinin bəyanatlarında nə dərəcədə ziddiyyətli yanaşma tətbiq etdiklərinin göstəricisidir", Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə qeyd edib.
Azərbaycanın son üç il ərzində 5 baza prinsipləri, sərhədlərin demarkasiyası, kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması istiqamətində irəli sürdüyü təşəbbüslərə Ermənistan tərəfinin maneçilik törətdiyini deyən Ayxan Hacızadə Ermənistan tərəfini "sülh perspektivlərinə xələl gətirən açıqlamalardan" çəkinməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırıb.