Azərbaycan və Ermənistan arasıda sülh ABŞ üçün prioritet olaraq qalır.
Bu barədə noyabrın 7-də Dövlət Departamentində ənənəvi brifinqdə mətbuat katibinin müavini Vedant Patel Turan agentliyinin sualının cavabında bildirib.
“Dünyada baş verən hər şeydən əlavə olaraq, bu iki ölkə arasında sülh bizim üçün, dövlət katibi Blinken üçün prioritet olaraq qalır", mətbuat katibinin müavini rəsmi Vaşiqtonun Qarabağla bağlı daha bir sammit keçirməyi planlaşdırıb-planlaşdırmadığı haqqında Turanın sualına cavabda bildirib.
"Dövlət Departamenti bununla məşğul olmağa davam edir", deyən Patel təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, 2022-ci ildən etibarən ABŞ Vaşinqtonda görüşlərin üç mərhələsini keçirib. Bununla yanaşı, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ötən ayın sonlarında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçilyi ilə görüşməli idi, lakin görüş bir ay ərzində iki dəfə ləğv edilib.