ABŞ Qubad İbadoğlunun səhhətinin pisləşməsindən narahatdır

U.S. Secretary of State Antony Blinken is seen reflected at right next to a State Department logo at right as he speaks during a staff event at the State Department in Washington, March 31, 2023.

“Biz Qubad İbadoğlunun həbsindan narahatıq və onun səhhətinin pisləşməkdə davam etməsi barədə xəbərlər bizi çox narahat edir.”

Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller ənənəvi brifinqdə Turan informasiya agentliyininsualının cavabında deyib.

"Biz bir neçə dəfə Azərbaycan hökumətini onu dərhal azad etməyə çağırmışıq. Biz Azərbaycanı öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq hamının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq. Bunu həm açıq, həm də özəl şəkildə bəyan etmişik" Miller əlavə edib.

Öz növbəsində Tom Lantos İnsan Hüquqları Komissiyası 30 oktyabr Beynəlxalq Siyasi Məhbuslar Günü ilə bağlı iqtisadçı alim Qubad İbadoğlunun həbsdən azad edilməsini istəyib.

“Qubad İbadoğlunun həbsindən 100 gün keçir. Onun səhhəti ağırdır, lakin ona lazımi tibbi yardım göstərilmir. O, Azərbaycan höküməti onu dərhal və heç bir şərt olmadan azad etməlidir” X (keçmiş twitter) platformasında deyilir.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.