Oktyabrın 26-da Tbilisidə “4-cü Tbilisi İpək Yolu 2023 Forumu” işinə başlayıb.
Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili bildirib ki, forumda Azərbaycan, Ermənistanın və Monteneqronun baş nazirləri ilə yanaşı dünyanın 50-dən çox ölkəsindən 2000-dən çox nümayəndə iştirak edir. Onun sözlərinə görə, forumda Amerika, Yaxın Şərq, Çin, Avropa və region ölkələrindən də nümayəndə heyətləri var.
Tədbirin gündəliyində Xəzər-Qara Dəniz hövzəsində və ona bitişik reigonlarda nəqliyyat əlaqələrinin inkişafı perspektivlərinin müzakirəsi də var.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, Gürcüstan Avropa və Asiyanın kəsişməsində yerləşən təbii körpüdür və regional mərkəzə çevrilib. Onun firkincə, forumun məqsədi logistika əlaqələrini artırmaq, ölkələrin Orta Dəhliz təşəbbüsünə daha çox cəlb olunmasını təşviq etməkdir.
“Orta Dəhlizin qlobal iqtisadiyyatda rolu artır. “Orta Dəhliz” ənənəvi yollara alternativ olaraq sürətlə inkişaf edir”, Baş nazir deyib.
Qaribaşvil bildirib ki, Gürcüstan maneələrin aradan qaldırılması və infrastruktur imkanlarının gücləndirilməsi, prosedurların sadələşdirilməsi və ümumi tarif siyasətinin tətbiqi üçün azərbaycanlı və qazaxıstanlı həmkarları ilə sıx əməkdaşlıq edir.
Hökumət başçısı Ermənistan və Azərbaycanın baş nazirləri Nikol Paşinyan və Əli Əsədovu salamlayaraq qeyd edib ki, Gürcüstan hazırkı hökuməti “Sülhsevər Qonşuluq Təşəbbüsü” vasitəsilə nəhayət, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün qonşu və dost ölkələrlə işləməyə hazırdır.
"Bu gün həm hörmətli həmkarlarımı, Baş nazir Paşinyanı və Baş nazir Əsədovu qəbul etmək fürsətinə malik olduğum üçün şadam. Söz yox ki, davamlı sülh bütün ölkələrimizə, bütövlükdə regiona xeyir verəcək, həm də layiqli rifah gətirəcək”, Baş nazir qeyd edib.
Baş nazir müharibənin qarşısının alınmasını və sülhün təmin olunmasını hökumətinin əsas məqsədlərindən biri adlandırıb.
Onun sözlərinə görə, coğrafi, regional və qlobal problemlərə, Ukraynadakı münaqişəyə və Yaxın Şərqdəki gərginliyə baxmayaraq, düzgün siyasət və tərəfdaşlarla sıx koordinasiya sayəsində gürcü xalqının və Gürcüstanın təhlükəsizliyini təmin etmək mümkün olub.
Azərbaycanın Baş naziri Əli Əsədov bildirib ki, dünyada baş verən son dəyişikliklər fonunda iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantıları ilə əlaqədar yaranan çağırışlar forumun region və bütün dünya üçün əhəmiyyətini daha aydın şəkildə göstərir.
“Azərbaycan və Gürcüstan tarixən Avropa ilə Asiya arasında iqtisadi-ticari əlaqələrdə oynadıqları körpü rolunu bu gün də davam etdirməkdədir. Azərbaycan və Gürcüstan 90-cı illərin sonlarında Böyük İpək Yolunun bərpa edilməsi konsepsiyasını ilk dəstəkləyən ölkələrdən olub”, Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidməti Baş nazirə istinadən bildirib.
Baş nazir Azərbaycanın regional nəqliyyat dəhlizinin inkişafı üçün gördüyü işləri qeyd edib və müsbət nəticələrin əldə olunduğunu vurğulayıb.
“Qazaxıstandan Gürcüstan limanlarına çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Növbəti il üçün hədəf bu müddəti iki dəfəyə qədər (11-15 günə) endirməkdir. Bundan əlavə, bu dəhliz dünya miqyasında ən təhlükəsiz və operativ dəhlizlərdən birinə çevriləcək. Orta Dəhlizin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Gürcüstanın Poti və Batumi limanları da Orta Dəhlizin mühüm elementləridir. Eyni zamanda Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının genişləndirilməsi də Orta Dəhlizin fəaliyyətinə töhfə verəcək”, o qeyd edib.
Ermənstan mediasının məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan bütün kommunikasiyaları açmağa hazırdır. Onun sözlərinə görə, kommunikasiyaların açılması regionda sülh və sabitliyi gücləndirəcək.
“Ermənistan iki qonşusu ilə (Gürcüstan və İran-red) açıq ünsiyyətə və dostluq münasibətlərinə malikdir, lakin digər iki qonşusu ilə (Azərbaycan və Türkiyə-red) çətinliklər və bağlı yollar mövcuddur. Açıq yollar olmadan sülh qurmaq çətin olacaq. Aydındır ki, Cənubi Qafqazın sabit sülhə ehtiyacı var", o qeyd edib.
Onun sözlərinə görə, sülh ölkələr arasında açıq sərhədlər, siyasi, iqtisadi və mədəni əlaqələrin olması, məsələlərin diplomatik yollarla və dialoq yolu ilə həll edilməsidir.
Baş nazir deyib ki, Ermənistan hökuməti “Sülhün kəsişməsi” layihəsini hazırlayıb və sülh gündəliyinin mühüm hissəsi kimi təqdim edəcək.
“Ermənistan region ölkələrinin kommunikasiyalarından istifadədə qarşılıqlılıq və bərabərlik prinsipində israrlıdır. Qarşılıqlılıq prinsipləri əsasında nəzarət və gömrük prosedurlarının müəyyən qədər sadələşdirilməsinə nail olmaq mümkündür. Ermənistan hökuməti “Sülhün kəsişməsi” layihəsini yaxın zamanda regionun bütün ölkələrinə təqdim edəcək. Ümid edirəm ki, birgə səylərlə bunu həyata keçirmək mümkün olacaq”, o qeyd edib.
Bu arada Baş nazir Əli Əsədov deyib ki, Azərbaycan İkinci Qarabağ müharibəsi bitəndən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı öz mövqeyini bildirib.
“Eyni zamanda keçən ay həyata keçirilən lokal antiterror tədbirlərindən sonra da Azərbaycan sülh müqaviləsi ilə bağlı mövqeyinə eyni dərəcədə sadiq qalmışdır”, o qeyd edib.
Nəqliyyatla bağlı məsələlərə toxunan Əsədov Azərbaycanın 2020-ci ildə imzalanmış Üçtərəfli bəyanata uyğun olaraq kommunikasiyaların açılması məsələsi üzərində uzun müddət çalışdığını, öz mövqeyini bildirdiyini vurğulayıb.
“Biz kommunikasiyaların açılmasını istəyirik. Ancaq bu, tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq”, Baş nazir əlavə edib.
Forumun ikinci günü, oktyabrın 27-də Gürcüstanda investisiya imkanlarının müzakirəsinə və ikitərəfli görüşlərə həsr olunacaq.
İlk “Tbilisi İpək Yolu Forumu” 2015-ci ilin oktyabrında keçirilib. Sonuncu, üçüncü forum 2019-cu ildə keçirilib. Pandemiya səbəbindən 4-cü forumun keçirlməsi bir neçə il fasilə gecikib.