Qərbi Azərbaycan vilayətinin şimalında yerləşən Çaldıran bölgəsindəki Diləkverdi uran mədəni İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami və İslam İnqilabı Keşikçiləri Korpusunun bəzi komandirlərinin iştirakı ilə istifadəyə verilib.
Bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Bu, son bir neçə ayda Qərbi Azərbaycan vilayətində istifadəyə verilən ikinci uran mədənidir. Bundan əvvəl, avqust ayında vilayətin Xoy şəhərində bir uran mədəni istifadəyə verilmişdi.
SEE ALSO: Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində uran mədəni açılıbİran mediasında dərc olunan məlumata görə, açılış mərasimində İranın Atom Enerjisi Təşkilatının bəzi müavinləri və bir qrup nüvə sənayesinin yüksək səviyyəli müdirlərinin də iştirak etdiyi qeyd edilib.
Qərbi Azərbaycanın valisi Məhəmməd Sadiq Motəmediyan bu mədənin açılış mərasimi zamanı Qərbi Azərbaycanı ölkənin mineral mərkəzlərindən olduğunu qeyd edərək, vilayətdə silisium, qızıl və titan kimi yüksək təmizliyə malik mineralların mövcud olduğunu bəyan edib.
Motəmediyan həmçinin mərasimdə çıxış etdiyi zaman bildirib ki, vilayətdə, xüsusən də Çaldıran bölgəsində mədənlərin işlənilməsi və istismarı bu bölgənin inkişafına səbəb olacaq.
Bununla belə, İran Azərbaycanında çox qiymətli mədənlər var və bu bölgədəki azərbaycanlı siyasi fəallar hər zaman bu bölgənin təbii sərvətlərinin o cümlədən mədənlərinin istismarının yerli xalqın rifahına müsbət təsirinin olmamasını tənqid ediblər.
İran, nüvə proqramının tərkib hissəsi kimi uran ehtiyatlarının kəşfiyyatı və istismarı üçün illər əvvəl xarici ölkələrdə idxaldan asılılığı azaltmaq məqsədilə layihələr həyata keçirməyə başlayıb. Bu layihələr adətən İranın Atom Enerjisi Təşkilatının nəzarəti altında həyata keçirilir.
Uran nüvə yanacağının istehsalı üçün xammaldır və nüvə enerjisi istehsalında, eləcə də nüvə materiallarının istehsalında istifadə edilə bilər.
Son aylarda Qərbi Azərbaycanda iki uran mədəninin açılışı İranın öz nüvə proqramları çərçivəsində yerli uran ehtiyatlarını sürətlə istifadəyə verilməsinə cəhd etdiyini göstərir.