Accessibility links

Şərqi Azərbaycan vilayətində mədən işçilərinin vəkili şallaq cəzasına məhkum edilib


Əsgər Məhəmmədi
Əsgər Məhəmmədi

İranın Şərqi Azərbaycan vilayətində işdən çıxarılan mis mədəni işçilərini müdafiə edən insan haqları vəkili Əsgər Məhəmmədi 20 şallaq cəzasına məhkum olunub.

Əsgər Məhəmmədi Vərziqan Cəza Məhkəməsinin çıxardığı hökm haqqında sosial mediada məlumat yayıb.

Təbrizin şimalındakı Vərziqan şəhərində yerləşən Süngün mis mədəni kompleksinin şirkətləri insan haqları vəkilini "yalan məlumat yaymaq", "böhtan atmaq" və "təhqir etmək" ittihamları ilə məhkəməyə vermişdilər.

Vəkilin öz Instagram səhifəsində yaydığı açıqlamaya görə, Vərziqan Cəza Məhkəməsi tərəfindən ona "yalan məlumat yaymaq" ittihamı ilə 20 zərbə şallaq cəzası verilib, "böhtan atmaq" və "təhqir etmək" ittihamlarından isə bəraət qazandırılıb.

Məhəmmədi açıqlamasında verilən cəzanın onun işçiləri müdafiə etməsinə mane olmayacağını vurğulayıb. "İşçilərin bütün hüquqları bərpa oluncaya qədər bir tək addım belə geri çəkilməyəcəyəm" - deyə, yazıb.

Keçən ilin iyul ayında Süngün mis mədəni kompleksinin podratçı şirkətlərində çalışan işçilərin "maaşların bərabərləşdirilməsi" tələbi ilə başlatdıqları və təqribən bir həftə davam edən tətil və aksiyalar zamanı bir çox işçi nəzarət altına alınmışdı.

Əsgər Məhəmmədi həmin etirazlardan sonra hüquqlarından məhrum edilən və ya işdən qovulan işçilərin müdafiəsini öhdəsinə götürüb.

Məhəmmədi keçən illərdən bəri İran Azərbaycanının müxtəlif şəhərlərində işçilər, türk dil haqları fəalları və mədəni fəaliyyətləri səbəbilə mühakimə olunan digər qrupları məhkəmələrdə müdafiə edib.

XS
SM
MD
LG