İranın Atom Enerjisi Təşkilatının vitse-prezidenti və rəhbəri Məhəmməd İslaminin də iştirak etdiyi mərasimdə Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinin Səfaiyyə mahalında “Şəhid Mehdi Bakiri Xoy” adlı böyük uran mədəni avqustun 10-da istifadəyə verilib.
Tərkibində uran və molibden mineralları olan bu mədən rəsmilər tərəfindən kompleksi ölkənin şimal-qərbindəki ən böyük uran mədəni adlandırılıb. Lakin bu mədənin dəqiq ehtiyatları barədə ətraflı məlumat hələ ki yayılmayıb.
Açılış mərasimində vitse-prezident Məhəmməd İslami ölkə üçün nüvə enerjisi istehsalının inkişafının vacibliyini qeyd edib və bu uran mədəninin açılmasını ölkənin nüvə sənayesinin strateji planlarının gücləndirilməsi istiqamətində önəmli olduğunu vurğulayıb.
Fars xəbər agentliyinin məlumatına görə, Məhəmməd İslami həmin uran mədəninin işə başlama mərasimində əlavə edib ki, bu mühüm layihəyə altı min milyard tüməndən çox sərmayə qoyulub və bu mənbənin ölkədə ehtiyac duyulan mineralları təmin edəcəyini vurğulayıb.
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami həmçinin bu uran mədəninin əhəmiyyətinə işarə edərək, onun 20 min meqavatlıq nüvə elektrik enerjisi istehsalı hədəfinin reallaşmasındakı rolunu vurğulayıb. O, bu mədən kompleksinin fabriklərinin genişləndirilməsi üçün hökumətin 30 aylıq bir plan hazırladığını da açıqlayıb.
İranın nüvə proqramı İslam Respublikası liderləri tərəfindən elektrik enerjisi istehsalı və dinc məqsədlər üçün təklif edilsə də, lakin 2021-ci ildə dərc olunan son məlumatlara görə, İran nüvə enerjisindən ölkənin elektrik enerjisi istehsalının yalnız bir faizini təmin edib.
İran Azərbaycanının digər vilayəti olan Ərdəbil də uran mineralının əhəmiyyətli ehtiyatlarına malikdir. İran mətbuatının İran rəsmilərinə istinadən yaydığı məlumata görə, texniki hesablamalara göstərir ki, Bəndər Abbas, Yəzd və Ərdəbil mədənlərində müəyyən edilmiş uran ehtiyatlarının miqdarı 36 min tondan artıqdır.
Forum