Oktyabrın 23-dən 25-dək Azərbaycanda Türkiyə Cümhuriyyətinin yaranmasının yüz illiyi münasibətilə “Mustafa Kamal Atatürk 2023” hərbi təlimi keçiriləcək.
“Türkiyə və Azərbaycan quru qoşunları arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, bilik və təcrübə mübadiləsi məqsədi ilə həyata keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təlimi və müştərək əməliyyatlar həyata keçirmə qabiliyyətinin artırılmasına sabahdan start verilir. Təlimdə iştirak edəcək F-16 təyyarələrimiz Azərbaycana gəlib.”, Türkiyə Milli Müdafiə Nazirliyi X (keçmiş Twitter) hesabında məlumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə oktyabrın 21-də məşqlər keçirilib.
“Bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər”, Müdafiə Nazirliyinin məlumatında deyilir.
Müdafiə Nazirliyi bildirir ki, 23-25 oktyabr tarixlərində keçiriləcək təlimə hər iki ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.