İran Azərbaycanında telekommunikasiya şirkətinin təqaüdçüləri etiraz aksiyası keçirib

Təbriz Telekommunikasiya şirkəti təqaüdçülərinin etiraz mitinqi

Telekommunikasiya şirkətinin təqaüdçüləri İranın digər şəhərlərində olduğu kimi İran Azərbaycanının şəhərlərində də etiraz aksiyaları keçiriblər. "Bazar ertəsi mitinqləri" kimi tanınan bu etiraz aksiyaları artıq uzun müddətdir hər həftə təşkil edilir. Oktyabrın 16-da telekommunikasiya şirkətinin təqaüdçülərinin İranın 14 şəhərində etiraz aksiyaları keçirdiyi bildirilir.

Ərdəbil, Zəncan, Urmiyə, Təbriz, Həmədan və Ərakda aksiyalar İranın Əhvaz, Xürrəmabad, İlam, Zahidan, Sənəndəc, Kirman, Sari, Tehran, Bəndər Abbas və Dezful, Rəşt, İsfahan, Kirmanşah və Şiraz kimi digər şəhərləri ilə eyni vaxtda keçirilib. Təqaüdçülər telekommunikasiya şirkəti binalarının qarşısında toplaşaraq, istəklərinin səlahiyyətlilər tərəfindən yerinə yetirilməsini tələb ediblər.

Onlar dövlət qulluqçuları ilə bağlı 2010-cu ildə təsdiq edilmiş qanunun icrasını və tibbi sığorta islahatları da daxil olmaqla, öz tələblərini səsləndiriblər.

Urmiyə Telekommunikasiya təqaüdçülərinin etiraz mitinqi

Urmiyədə keçirilən etiraz mitinqində təqaüdçülərdən biri üzərində fars dilində yazılmış “Telekommunikasiya bizim şirkətimizdir, rifah bizim haqqımızdır” plakatı qaldırıb. Təbrizdə telekommunikasiya binası qarşısında keçirilən aksiyada təqaüdçülər "telekommunikasiya şirkəti qanun qəbul etmir", "haqqımızı alana qədər susmayacağıq" və " vəd etmək bəsdir, bizim Nuh ömrümüz yoxdur" kimi şüarlar səsləndiriblər.

Təbrizdə telekommunikasiya şirkəti təqaüdçüləri keçən etiraz mitinqlərində boş süfrə açaraq aksiya keçirmişdilər.

SEE ALSO: Təbrizdə təqaüdçülər "boş süfrə" aksiyası keçiriblər

Hər həftə Telekommunikasiya Şirkətindən təqaüdə çıxanlar hər vilayətin mərkəzində yerləşən müvafiq idarənin binası qarşısında etiraz mitinqləri keçirir. Onlar etiraz aksiyalarını qanuni tələbləri təmin edilməyənə qədər davam edəcəklərini bildirir.

İranda təqaüdçülər ağır məişət şəraiti, yetərsiz maaşlar və sağlamlıq sığortası səbəbindən yüksək qiymətlər və inflyasiyadan əziyyət çəkir.