Füzuli rayonunda 928 nəfər məskunlaşıb

Füzuli rayonunda məskinlaşan sakinlər (Mənbə: Qaçqınkom)

Oktyabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Füzuli şəhərinə daha 28 ailə - 117 nəfər köçürülüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, köçürülən ailələr Füzuli şəhərində dövlət vəsaiti hesabına yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib.

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də bildirib ki, müharibədən cəmi il yarım sonra - 2022-ci il iyulun 19-dan başlayaraq Laçın və Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev isə deyib ki, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyub.

“Ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub”, Nuriyev bildirib.

Baş nazir Əli Əsədovun sözlərinə görə, son üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrılıb.