Accessibility links

Ümumdünya Qaçqınlar Günü qeyd edilir


Qaçqınlara qarşı düşmənçiliyin artdığı bir vaxt Birləşmiş Millətlər Təşkilatı müharibə, təqiblər, insan hüquqlarının pozulması, iqlim dəyişikliyi və digər dəhşətlər nəticəsində öz yurd-yuvalarından zorla qovulmuş insanların cəsarətini və cəmiyyətə verdiyi töhfələri şərəfləndirmək üçün Ümumdünya Qaçqınlar Gününü qeyd edir.

Builki Ümumdünya Qaçqınlar Günü 35,4 milyon qaçqın və sığınacaq axtaranların acınacaqlı vəziyyəti, onların ehtiyacları və beynəlxalq müdafiə üçün qanuni hüquqlarına işıq salır.

Bu günü qeyd edərkən Birləşmiş Millətlər Təşkilatının rəsmiləri qaçqınlar və onları qəbul edən icmalar üçün şəraitin yaxşılaşdırılması sahəsində konkret addımlar atmağa çağırır. Onlar, həmçinin qaçqınlara özləri və ailələri üçün həyat qabiliyyətli gələcək qurmaq imkanı verən hədəflərin tərəfdarıdır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi "Mən dünyanın qalan hissəsinə demək üçün buradayam ki, biz qaçqınlara, harada olmalarından və kontekstindən asılı olmayaraq, onlara belə ümid, imkanlar və həll yolları təklif etmək üçün daha çox şey edə bilərik və etməliyik" - deyə, Keniyanın Kalobeyei şəhərində Qaçqınlar Günü tədbirində bildirib.

Dünyanın ən böyük Kakuma Qaçqın Düşərgəsində keçirilən mərasimdə çıxış edən Qrandi Keniya hökumətini "yenilikçi və əhatəli siyasətlər tətbiq etmək" planlarına görə tərifləyib. O, "bu, qəbul etdiyi yarım milyon qaçqın və sığınacaq axtaranların çoxuna keniyalılarla yan-yana işləməyə və yaşamağa imkan verəcək və özünə inamı təşviq edəcək, iqtisadiyyatı inkişaf etdirəcək və humanitar yardımdan asılılığı azaldacaq" deyib.

Builki "Evdən uzaqda ümid" tədbiri qaçqınlar üçün inklüzivliyin gücünə və həll yollarına yönəlib, onların bir çoxu onilliklər ərzində ev sahibliyi edən ölkələrdə və ya köçürülmə ölkələrində öz həyatlarını bərpa etmək imkanlarına malik olmadıqları üçün qeyri-müəyyən vəziyyətdə yaşayırlar.

BMT-in Qaçqınlar Agentliyi Komitəsinin xəbərlər və media rəhbəri Metyu Saltmarş deyib: “Qaçqınlar çox vaxt ya cəmiyyəti boşaldan, ya da humanitar yardımın, xeyriyyəçiliyin və xoş niyyətin passiv alıcıları kimi təsvir olunurlar. Biz bu ilkin konsepsiyadan çox uzaqlaşmaq istəyirik".

Saltmarş Amerikanın Səsinə deyib: "Qaçqınlara işləmək və cəmiyyətə töhfə vermək imkanı verildikdə onlar demək olar ki, həmişə şansdan istifadə edir. Onlar çox həvəslidirlər".

Bununla belə, Saltmarş qeyd edib ki, qaçqınlar yaşayış vasitələrinə çıxışı olmayan ucqar ərazidə yerləşən qəsəbədə və ya düşərgədə saxlanıldıqda, "onlar humanitar yardımların passiv alıcıları olaraq qalır".

"Ancaq onlara inteqrasiya etmək və ya cəmiyyətlərinə daxil olmaq imkanı verilsə, onlar bu cəmiyyətə daha çox töhfə verə bilər" - deyə, o əlavə edib.

BMT-nin Məcburi Köçkünlükdə Qlobal Trendlər üzrə illik hesabatında 2022-ci ilin sonunda 108,4 milyon insanın məcburi köçkün kimi qeydə alındığı və ötən il köçkünlərin əsas səbəbkarı Ukraynadakı müharibə olduğu göstərilib.

Sudanda aprelin 15-də başlayan münaqişə nəticəsində bu rəqəm 110 milyondan çox olub. Sudan ordusu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında gedən döyüşlər yarım milyondan çox qaçqının qonşu ölkələrə getməsinə səbəb olub və 1,42 milyon nəfərin ölkə daxilində yeni didərgin düşməsinə səbəb olub.

Ümumi təsəvvürlərə əsaslanaraq, BMT bildirib ki, dünyada qaçqınları 76%-i zəngin dövlətlərdə deyil, aşağı və orta gəlirli ölkələrdə məskunlaşıb.

BMT-nin baş katibi Antonio Quterreş Ümumdünya Qaçqınlar Günü ilə bağlı müraciətində qaçqınların çətinliklər qarşısında dözümlərini "ruhlandırıcı" adlandırıb.

XS
SM
MD
LG