Oktyabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ramin Əhmədov inzibati qaydada həbs olunub.
Bu barədə AXCP məlumat yayıb.
Məlumatda deyilir ki, Ramin Əhmədov səhər saatlarında evdən çıxarkən saxlanılaraq polis bölməsinə aparılıb.
"Axşam saatlarında Ramin Əhmədov Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib", AXCP bildirir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
AXCP sədri Əli Kərimli bildirib ki, repressiya siyasəti davam edir.
"AXCP Binəqədi təşkilatının fəalı Ramin Əhmədov da sifarişli məhkəmə qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs edildi. Ramin bəy son günlərdə inzibati qaydada həbs olunan 4-cü AXCP fəalıdır. Bütün dünya İlham Əliyevdən siyasi məhbusları azad etməyi tələb edir. İlham Əliyev isə heç nəyə baxmadan repressiya siyasətini davam etdirir. Biz də xalq olaraq daha israrla və hamılıqla siyasi həbslərin dayandırılmasını və siyasi məhbusların azad edilməsini tələb etməliyik", o, Facebook səhifəsində qeyd edib.
Öz növbəsində Azərbaycan hakimiyyəti ölkədə bütün insanların qanun qarşısında bərabər olduğunu, heç kimin iradəsinə görə həbs edilmədiyini bildirir.
Bununla yanaşı, yerli hüquq müdafiəçiləri ölkədə yüzdən çox siyasi məhbusun olduğunu bildirir.
Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.