Accessibility links

AXCP fəalı dörd gündür aclıq edir


Aqil Hümbətov
Aqil Hümbətov

Yerli hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində dörd gündür aclığı davam etdirir. O, siyasi sifarişli həbsinə son qoyulmasını, bəraətverici əsaslarla azadlığa buraxılmasını, ailəsinin sosial problemlərinin həlli və ailəsinin sosial müavinətinin bərpa edilməsini tələb edir.

Bu barədə onun həyat yoldaşı Aygün Hümbətova Amerikanın Səsinə deyib.

“Onun ailəsi ilə telefon əlaqəsi saxlamasına da imkan verilmir. Çox yəqin ki, Aqili cərimə təcridxanasına (kars) salıblar. Çünki bundan öncə də aclıq edəndə cərimə təcridxanasına yerləşdirmişdilər”, o qeyd edib.

Hümbətova həyat yoldaşının tələblərinin yerinə yetirilmədiyini deyib.

“Bu gün mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında etiraz aksiyası etdim. Bundan sonra nazirliyin əməkdaşı məni qəbul etdi. Tələb etdim ki, sosial müavinətimiz bərpa edilsin. Uşaqlarımı saxlaya bilmirəm, ailəmizdə işçi qüvvəsi yoxdur. Həyat yoldaşım həbsdədir. Mən isə üç azyaşlı uşağa baxıram”, o, Amerikanın Səsinə deyib.

Bu zaman nazirliyin əməkdaşı Aygün Hümbətovanın həkim komissiyasına müraciət etməsini məsləhət görüb.

“Həkim komissiyasına inanmıram. Həm də mən sosial müavinətimizin bərpa edilməsini istəyirəm”, o qeyd edib.

AXCP fəalı Aqil Hümbətov 2021-ci il avqustun 11-də saxlanılıb. 2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. O, xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla sağlamlığa qəsdən ağır zərər vurmağa görə həbs edilib.

Aygün Hümbətova deyib ki, ailəsinin sosial müavinətini bu il mayın 1-dən kəsiblər.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mənə bildirdilər ki, ailəmə kəsilən 272 manat sosial yardım düz hesablanmayıb. Mənim üç uşağım var. Ona görə 450 manatdan çox yardım təyin ediləcək. Bu səbəbdən mənə ərizə yazdırıb 272 manatdan imtina etdirdilər. İndi isə nə 272 manatı ala bilirəm, nə də vəd etdikləri 450 manatı. Ailəm çox ağır durumda yaşayır. Üç azyaşlı uşağım var. Hər hansı gəlir yerimiz yoxdur. Evimiz çox rütubətlidir, uşaqlarım öskürür. Həkim deyir ki, müalicə edilməsə astma xəstəliyinə tutulacaqlar. Üç aydan çoxdur ki, yaxşı insanlar uşaqlarıma çörək alırlar. Onun-bunun yardımı ilə zülmlə sabaha ümidlə yaşayıram. Mən Prezident İlham Əliyevə müraciət edirəm. Uşaqlarımın sosial yardımını bərpa edin. Həyat yoldaşım haqsız yerə həbsdədir. O, azadlığa buraxılmaldır ki, ailəsinin, uşaqlarının çörəkpulunu qazansın”, o qeyd edib.

Hümbətova bildirib ki, həyat yoldaşı bir ay öncə də eyni tələblə aclıq aksiyası keçirib.

“O zaman özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs aclığı dayandırmasını xahiş etdi. Bildirdi ki, ailəsinin sosial problemləri həll olunacaq. Ancaq onu aldatdılar. İndiyədək ailəmizin sosial problemi ilə bağlı hər hansı bir iş görməyiblər”, Aygün Hümbətova Amerikanın Səsinə deyib.

Öz növbəsində, rəsmi qurumlar Aygün Hümbətovanın iddialarına hələ münasibət bildirməyib.

Forum

XS
SM
MD
LG