Sentyabrın 25-də Telekommunikasiya Şirkətinin təqaüdçüləri İran Azərbaycanının Ərdəbil, Zəncan, Həmədan və Ərak şəhərlərində etiraz aksiyası keçirib. Təqaüdçülərin İranın digər şəhərləri - Kirmanşah, Xürrəmabad, Rəşt, Əhvaz, Bəndər Abbas, Şiraz, İsfahan, Tehran, Sənəndəc və Saqqız şəhərlərində də etiraz aksiyaları keçirilib.
Sentyabrın 26-da dövlət təqaüdçüləri Qəzvin, Həmədan, Əhvaz, Sənəndəc, Kirmanşah, Zahidan və İlam şəhərlərində etiraz aksiyaları keçiriblər. Zahidanda etirazçı təqaüdçülər müdirlərin itefa etməsini tələb edən şüarlar səsləndirib.
Sosial medida paylaşılan xəbərlərə görə, Əhvazda keçirilən piketdə etirazçı təqaüdçülər üzərində "Məhbus müəllim azadlığa buraxılmalıdır" yazılmış plakatlar nümayiş etdirib.
İranda dövlət idarələrindən təqaüdə çıxanların aylıq pensiyaları nisbətən aşağıdır və ölkədəki mövcud yüksək inflyasiya bu təbəqənin məişətini çətinləşdirir. Təqaüdçülərin həyat şəraitini yaxşılaşdırmaq üçün qanunlar qəbul edilsə də, uzun müddətdir ki, həmin qanunlar hökumətlər tərəfindən icra olunmur.
Hökumətə etiraz edən təqaüdçülərin tələbləri İran parlamenti tərəfindən təsdiq edilən, lakin hökumət tərəfindən icra olunmayan “Dövlət Xidmətlərinin İdarəetmə Qanunu”na əsaslanır.
Hər həftə dövlət təqaüdçüləri Milli Pensiya Fondunun binası qarşısında, Telekommunikasiya Şirkətindən təqaüdə çıxanlar isə hər vilayətin mərkəzində yerləşən müvafiq idarənin binası qarşısında etiraz mitinqləri keçirir. Onlar etiraz aksiyalarını qanuni tələbləri təmin edilməyənə qədər davam edəcəklərini bildirir.
İranda təqaüdçülər ağır məişət şəraiti, yetərsiz maaşlar və sağlamlıq sığortası səbəbindən yüksək qiymətlər və inflyasiyadan əziyyət çəkir.