Sentyabrın 23-də Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.
Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə son vəziyyət ətrafında fikir mübadiləsi aparıb.
Nazirlər Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq çərçivəsində artan dinamikanı qeyd edib, son dövrlərdə bir sıra digər sahələr üzrə reallaşdırılan yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların əhəmiyyətini vurğulayıblar.
Nazir Ceyhun Bayramov həmçinin həmkarını Ermənistanın və onun qurduğu “qondarma rejimin regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar” barədə məlumatlandırıb, beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən danışıb.
Məumatda həmçinin bildirilir ki, görüşdə regional və beynəlxalq müstəvidə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İran Xarici İşlər Nazirliyi də eyni məzmuinlu məlumat yayıb.
“İki ölkənin müxtəlif yüksək vəzifəli şəxsləri arasında son görüşlərin nəticələri konstruktiv və perspektivli kimi qiymətləndirilib və iki ölkənin yeni konstruktiv addımlar atmağa hazır olduğu bildirilib”, məlumatda deyilir.