Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsi Sabunçu rayon Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elxan Əliyevin ev dustaqlığına buraxılması haqqında vəsatəti təmin etməməsi barədə qərarından verilən şikayəti təmin etməyib.
Vəkil Nemət Kərimlıi bildirib ki, artıq isdtintaq yekunlaşıb.
“Yəni həbs seçilməsi üçün bütün hallar aradan qalxıb. Ümumi zərər tamamilə ödənilib. Lakin həbs aradan qaldırılmır”, o qeyd edib.
Vəkil Apellyasiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəyini bildirib.
Xatırladaq ki, sentyabrın 9-da Bakının Sabunçu rayon Məhkəməsi hakim Nilufər Cəfərlinin sədrliyi ilə Elxan Əliyevin ev dustaqlığına buraxılması haqqında vəsatəti təmin etməyib.
Vəkil Nemət Kərimli Amerikanın Səsiniə bildirib ki, Elxan Əliyev məhkəmədə həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
“O dedi ki, hərəkətində hər hansı suç yoxdur. Sadəcə torpaq alqı-satqısı etmək istəyiblər və bu zaman həbs edilib. Əliyev dedi ki, çinayət işi qabaqcadan hazır idi. Saat 9-da həbs edilib, artıq saat 10-da hazır cinayət işini ona göstəriblər”, vəkil qeyd edib.
Bundan öncə, avqustun 4-də Bakı Apellyasiya Məhkəməsi Elxan Əliyev barəsində Sabunçu rayon Məhkəməsinin seçdiyi həbs -qətimkan tədbiri ilə bağlı şikayəti təmin etməyib.
İyulun 27-də AXCP fəalı Elxan Əliyev barəsində Sabunçu rayon Məhkəməsi istintaq orqanın vəsatəti əsasında üç aylıq həbs- qətimkan tədbiri seçib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Elxan Əliyev, Yusif Əliyev və Vəfadar Axundov vətəndaşın etibarından sui istifadə edərək torpaq sahələrini saxta sənədlər əsasında satıblar.
“Onlar Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini saxta sənədlə vətəndaşa 57 000 manata satmaqla dələduzluq ediblər. Bununla bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Elxan Əliyev, Yusif Əliyev, Vəfədar Axundov saxlanılıb”, o qeyd edib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.
Mətbuat xidməti bildirib ki, Elxan Əliyevin sosial şəbəkələrdə paylaşdığı görüntülər öz qanunsuz əməllərini sığortalamaq məqsədindən irəli gəlir, həqiqəti əks etdirmir.
Öz növbəsində Elxan Əliyev Facebook səhifəsində həbsindən əvvəl yaydığı videoda deyib ki, bir nəfər neçə gündür ondan ev tapmasını xahiş edib.
“Mən əvvəllər ev alqı-satqısı işi ilə məşğul idim. Artıq bir neçə aydır bu işlə məşğul olmuram. Amma mənə bir nəfər zəng vurub ki, guya ev istəyir. Mən çox şübhələndim. Ona bir neçə ev göstərdim. Bu adam məndən demək olar ki, on gündür əl çəkmir. Hər gün telefonla xahiş edir ki, mənə bir ev və ya bağ evi tap. Bu gün də bir ev göstərdim. O da xoşuna gəlmədi. İndi məni çağırıb ki, gedək yemək yeyək, yaxından tanış olaq. Mənim üçün şübhəli məqamlar çoxdur. Sadəcə deyirəm ki, nəzərdə saxlayın. İndi gedirəm onunla görüşməyə. Bilmirəm bu, hakimiyyətin oyunudur, yoxsa nədir. Zənn edirəm ki, oyundur. Amma yenə də gedirəm görüşə”, o saxlanılmasından öncə video paylaşıb.