Sərhədsiz Reportyorlar jurnalistlərin Söyüdlü kəndinə girişinə qoyulan qadağanın qaldırılmasına çağırıb

Söyüdlü kəndinin girişində polis postu

Sərhədsiz Reportyorlar təşkilatı Azərbaycanda müstəqil jurnalistlərin Gədəbəy rayonunun Söyüdlü kəndinə girişinə qoyulan qadağanın aradan qaldırılmasına çağırıb.

Sərhədsiz Reportyorlar bugün yaydığı bəyanatda qeyd edib ki, bu ilin iyun ayında Söyüdlü sakinlərinin kənd yaxınlığındakı qızıl mədəninin ətraf mühiti zəhərli tullantılarla çirkləndirməsinə etiraz etməsi və bu etirazların zorakılıqla yatırılmasından sonra kənd artıq üç aydır mühasirə şəraitindədir. Təşkilat müstəqil jurnalistlərin sonuncu dəfə iyun ayının 22-də kənddə olduğunu və zorakılıqla oradan uzaqlaşdırıldığını vurğulayıb.

“Söyüdlü kəndi xəbər qara dəliyinə çevrilib. Hakimiyyət Britaniyanın “Anglo Asian Mining” şirkətinin yaratdığı ekoloji qalmaqal və etirazların zorakılıqla yatırılması ilə bağlı heç bir şeyin ortaya çıxmasını istəmir. Biz jurnalistlərə qarşı polis zorakılığını pisləyirik və Azərbaycan hökumətini müstəqil medianın kəndə daxil olmasına icazə verməyə çağırırıq”, Sərhədsiz Reporyorların Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye vurğulayıb.

Sərhədsiz Reportyorlar bildirib ki, ən az üç müstəqil jurnalist hadisələri işıqlandırmağa çalışarkən təzyiqlərə məruz qalıb, etirazları yalnız hökumətin idarə etdiyi dövlət mediasının müxbirləri işıqlandıra bilib.

İyun ayının 22-də Amerikanın Səsi ilə əməkdaşlıq edən müstəqil jurnalist Nigar Mübariz və AbzasMedia xəbər saytının müxbiri Nərgiz Absalamova polis tərəfindən zorakılıqla ərazidən uzaqlaşdırılıb. İyun ayının 23-də isə müstəqil jurnalist Elməddin Şamilzadə Söyüdlüdən qayıtdıqdan sonra Bakıda saxlanılıb, ona qarşı təzyiq və zorakılıq edilərək çəkdiyi videoları silməsi tələb edilib.

İyulun 22-də Milli Mətbuat Günündə müstəqil media nümayəndələri Avropa Şurası Parlament Assambleyasına (AŞPA), Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə, AŞPA-nın Monitorinq Komitəsinə və Komitənin Azərbaycan üzrə həmməruzəçilərinə Azərbaycanda media azadlığının vəziyyətinə dair ünvanladıqları müraciətdə də Söyüdlü kəndində jurnalistlərə qarşı baş verən zorakılıq barədə qeyd ediblər.

Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviç Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etiraz aksiyalarının dağıdılması və iştirakçıların həbs edilməsi, habelə jurnalistlərin və hüquq müdafiəçilərinin işinə məhdudiyyətlər qoyulması ilə bağlı narahatlıq ifadə edib.

Azərbaycan Sərhədsiz Reportyorlar təşkilatının Ümumdünya Mətbuat Azadlığına dair son indeksində 180 ölkə arasında 151-ci yerdə, mətbuat azadlığının “çox pis” olduğu ölkələr sırasında yer alıb.