Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda AİHM qərarlarının icra durumunu müzakirə edəcək

Avropa Şurasının Strasburqdakı baş qərargahı

Avropa Şurası Nazirlər Komitəsi 19-21 sentyabr tarixlərində Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasına nəzarət etmək üçün rüblük insan hüquqları iclasını keçirəcək.

Nazirlər Komitəsinin gündəliyində olan məhkəmə qərarları Albaniya, Azərbaycan, Belçika, Bolqarıstan, Böyük Britaniya, Ermənistan, Xorvatiya, İrlandiya, İtaliya, Litva, Macarıstan, Moldova, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstanla bağlı qərarlardan ibarətdir.

Azərbaycanla bağlı müzakirəsi gözlənilən qərarlar “Məmmədli qrupu”, “Xədicə İsmayılova qrupu”, “Mahmudov və Ağazadə qrupu” işlərinə, habelə “Sargsyan Azərbaycana qarşı” işinə dair Məhkəmə qərarlarıdır.

Nazirlər Komitəsinin növbəti dəfə müzakirə edəcəyi “Məmmədli qrupu” işləri Azərbaycanda 2013-2016-cı illərdə vətəndaş cəmiyyəti fəallarının, jurnalist və hüquq müdafiəçilərinin təqiblərə və həbslərə məruz qalması ilə bağlıdır. Avropa Məhkəməsi bu işlərdə hökumətin tənqidçilərini cəzalandırmaq və susdurmaq məqsədi ilə cinayət qanunlarından sui-istifadə etdiyini, bununla da Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozuntusunu aşkarlayıb. Bu qrupda Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Qiyas İbrahimov və Bayram Məmmədov, Arif və Leyla Yunusların işləri yer alır.

SEE ALSO: Azərbaycan hökuməti Xədicə İsmayılovaya qarşı cinayəti kimin törətdiyini aşkarlaya bilmədiyini bildirib

Nazirlər Komitəsi bu qrup işi ilə bağlı bu ilin iyun ayında qəbul etdiyi son qərarında fərdi tədbirlər kimi ərizəçilərin üzərindən məhkumluğun götürülməsini və cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırılmasını, o cümlədən onların mülki hüquqlarının tam bərpasını tələb edib.

Ümumi tədbirlərə gəldikdə isə Azərbaycan hökuməti Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO), Nazirlər Komitəsinin tövsiyələrinə əsasında köklü islahatlar keçirməyə, məhkəmə sisteminin müstəqil və qanun çərçivəsində fəaliyyətini təmin etməyə çağrılıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) direktoru Anar Məmmədli bildirib ki, Nazirlər Komitəsinin dəfələrlə çağırış etməsinə baxmayaraq, Azərbaycan hakimiyyəti onun və “Məmmədli qrupu”nda yer alan digər işlərlə bağlı qərarların icra edilməsi üçün zəruri addımlar atmayıb.

“Nazirlər Komitəsinin dəfələrlə etdiyi çağırışlara baxmayaraq, Azərbaycan hökuməti ərizəçilərin hüquq və azadlıqlarının tam bərpası üçün lazımi tədbirləri dərhal həyata keçirməkdə tərəddüd edir. Bu hərəkətsizlik 18-ci maddənin pozulması ilə nümayiş etdirildiyi kimi insan hüquqlarına sistemli etinasızlıqla bağlı əhəmiyyətli narahatlıqlar doğurur. Qərarların icra edilməməsi daxili hüquq sistemindəki çatışmazlıqların deyil, hökumətin siyasi iradəsinin olmamasının nəticəsidir”, Anar Məmmədli vurğulayıb.

Anar Məmmədli Nazirlər Komitəsinə təqdimatında bildirib ki, AİHM-in Azərbaycanda hökumət tənqidçilərinin siyasi motivli həbsləri ilə bağlı qərarlarına və bunun aradan qaldırılması üçün edilən çağırışlara baxmayaraq, Azərbaycanda hökumət tənqidçilərinin, müxalif siyasətçilərin təqib və həbsləri davam edir. SMDT xüsusilə son aylarda həbs edilən Azərbaycan Demokratiya və Rifah partiyasının sədri Qubad İbadoğlunun, sabiq millət vəkili Nazim Bəydəmirli və Azərbaycan Xalq Cəbhəsi partiyasının təşkilat şöbəsinin müdir müavini Elxan Əliyevin işlərini diqqətə çatdırıb.

“Siyasətçilərin son həbsləri Azərbaycanda insan hüquq və siyasi azadlıqlarının təşviş doğuran vəziyyətinə işıq salır və bəzi ümumi tədbirlərə baxmayaraq, ədalətsiz həbslərin davam etdiyini göstərir. Siyasi məhbusların sayının artması və ayrı-ayrı şəxslərin əsassız əsaslarla həbsdə saxlanması Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi üçün davamlı yoxlama və həqiqi islahatların aparılmasının vacibliyini vurğulayır”, Anar Məmmədli qeyd edib.

Azərbaycan hökuməti sentyabr 12-si Nazirlər Komitəsinə “Məmmədli qrupu” işləri üzrə qərarların icrası üçün nəzərdə tutulan ümumi tədbirlər barədə məlumat verib. Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişiklik edildiyini və bunun “Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi ilə bağlı GRECO-nun çoxillik tövsiyəsinin həyata keçirilməsinə mühüm töhfə verdiyini” qeyd edib. Hökumət, həmçinin məhkəmə-hüquq sistemində islahatların davam etdirildiyini, məhkəmə və prokurorluq əməkdaşları üçün təlimlər keçirildiyini bildirib.