Accessibility links

Azərbaycan hökuməti Xədicə İsmayılovaya qarşı cinayəti kimin törətdiyini aşkarlaya bilmədiyini bildirib


Azərbaycan hökuməti araşdırmaçı jurnalist Xədicə İsmayılovanın işi barədə Avropa Şurası Nazirlər Komitəsinə fəaliyyət hesabatı təqdim edib, istintaqın yenilənməsinə baxmayaraq, cinayəti törədənləri aşkarlaya bilmədiyini bildirib.

Jurnalistin şəxsi görüntülərinin yayılması kontekstində törədilmiş cinayətlərin araşdırılması 2015-ci ildə dayandırılsa da, Avropa Məhkəməsinin qərarlarından və Avropa Şurası Nazirlər Komitəsinin müvafiq qətnaməsindən sonra ötən il cinayət işi yenilənib. Hüquqşünas Xalid Ağaliyev bildirir ki, cinayət işinin yenilənməsindən sonra hansı işlərin görülməsi haqda indiyədək ictimaiyyətə məlumat verilməyib. İndi isə hökumət Nazirlər Komitəsinə istintaq işi ilə bağlı ətraflı məlumat təqdim edib.

“Təqdimatda vurğulanır ki, Xədicə İsmayılova ilə bağlı demək olar ki, bütün şəxsi görüntü, məlumatlar publik sahələrdən silinib. Təhqiqatla bağlı qeyd edilir ki, 17 avqust 2015-ci il tarixli qərarla dayandırılmış cinayət işinin istintaqı, 15 oktyabr 2022-ci il tarixdə Baş Prokurorluğun müstəntiqinin Avropa Şurası Nazirlər Komitəsinin müvafiq qətnaməsinə istinad olunan qərarı ilə yenidən başlanılıb”, Xalid Ağaliyev qeyd edib.

Hökumət fəaliyyət hesabatında qeyd edir ki, yenilənmiş cinayət işi çərçivəsində bir sıra istintaq-əməliyyat tədbirləri keçirilib. Xədicə İsmayılovanın video görüntülərinin çəkildiyi mənzildə əvvəllər süpürgəçi işləyən və onun əri şahid qismində dindirilib, ancaq onlar ifadələrində mənzildə gizli çəkiliş aparılması və bunun kim tərəfindən edilməsi haqda məlumatlı olmadıqlarını bildiriblər. Xədicə İsmayılovanın mənzilində telefon xətti çəkilişində iştirak etmiş “Yasamal Telefon Qovşağı”nın 3 əməkdaşı, habelə, 3 poçt əməkdaşı dindirilib, o cümlədən onların istifadə etdikləri mobil telefonları danışıqları təhlil edilib.

Bununla yanaşı, İsmayılovanın qonşuları ilə münasibətlərinin, onların şəxsi münasibətlərinin, mənzildə olmuş şəxslərin əhatə dairəsinin, video görüntülərin yayıldığı internet saytlarının istifadə etdikləri İP ünvanları və faktla bağlı digər halların müəyyən edilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinə və Daxili İşlər Nazirliyinə operativ tapşırıqlar verilib, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq sorğular göndərilib.

Ancaq hökumət atılan addımlara baxmayaraq, Xədicə İsmayılovanın şəxsi həyatı ilə bağlı məlumatların kim tərəfindən ələ keçirildiyini, çəkilişlərin kim tərəfindən və hansı üsulla aparıldığını, şəxsi bilgiləri kimin yaydığını müəyyən etmək mümkün olmadığını bildirib.

Görüntülərin 2011-ci ilin may-sentyabr aylarında çəkildiyi ehtimalı üzrə, həmin tarixlərdə mənzilin yerləşdiyi sahə üzrə mobil operatorların məlumatları təqdim etməsi üçün məhkəmə qərarı da çıxarılıb. Həmin qərar üzrə məlumatlar əldə edildikdən sonra təhlil ediləcək.

Görüntülərin yayıldığı “musavat.tv”, “milli-shura.org” və “ictimaipalatka.com” serverlərində yayımlanan şəxsi məlumatların əldə edilməsi məqsədilə ABŞ-a hələ ki, cavablandırlmamış beynəlxalq hüquqi yardım sorğusu göndərilib.

XS
SM
MD
LG