Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək

Azərbaycan və Türkiyə hərbi təlimi (foto:MN)

Sentyabrın 8-dən 15-dək Türkiyədə Türkiyə-Azərbaycan ikitərəfli SAT-SAS hərbi təlimi keçirilir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk deyib.

Məlumata görə, təlimdə sualtı hücum və müdafiə bölmələri iştirak edir.

Bundan əlavə, sentyabrın 18-dən 30-dək Türkiyə və Pakistan “Əbədi Qardaşlıq" - II təlimi, eyni zamanda Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Qafqaz Qartalı" təlimləri keçiriləcək.

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hər il bir neçə dəfə Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilir.

İki il əvvəl iyunun 15-də Şuşa şəhərində (Bakıdan 430 kilometr cənub-qərb) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi müttəfiqliyi rəsmiləşdirən Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayıb.

Bəzi təhlilçilər bəyannamənin regionda yeni geosiyasi ab-hava yaranması üçün əsaslar yaratdığını hesab edir. Onların fikrincə, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq genişlənmə xətti üzrə inkişaf edir.

Müxalifət və bir sıra ictimai təşkilatlar hətta Azərbaycanı Türkiyə ilə hərbi ittifaq yaratmağa səsləyir.

Bu yaxınlarda Amerikanın Səsinə müsahibə verən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycan və Türkiyə arasında hərbi ittifaq daha da güclənəcək.

“Müharibə və ondan sonrakı dövrdə Azərbaycanla Türkiyə arasında hərbi strateji müttəfiqlik daha da artıb. Bunu artıq Rusiya da qəbul edir”, Elxan Şahinoğlu bildirib.