Şarl Mişel Qarabağa humanitar tədarük üçün həm Ağdam, həm də Laçın marşrutundan istifadəyə çağırır

Şarl Mişel, Avropa İttifaqı Şurasının prezidenti

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasındakı gərginliyin azaldılması və Qarabağ ermənilərinin qarşılaşdığı humanitar vəziyyətlə bağlı "yaxından məşğul olmağa" davam edir. Bu barədə Avropa İttifaqı Şurasının prezidentinin mətbuat katibinin bugün yaydığı bəyanatda qeyd edilib.

Sentyabrın 9-u Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı aparan Şarl Mişel, Yeni Dehli şəhərində keçirilən Böyük 20-lik sammiti çərçivəsində sentyabrın 10-u Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla da görüşərək Cənubi Qafqazda vəziyyəti müzakirə edib.

Bəyanatda Şarl Mişelin ofisi ilə yanaşı Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın da rəsmi Bakı, rəsmi Yerevan, o cümlədən Qarabağ ermənilərinin nümayəndələri ilə gündəlik şəkildə qarşılıqlı əladə olduğu, bütün bu səylərin gərginliyin azaldılmasına və Qarabağ ermənilərinin humanitar yardıma çıxışının təmin edilməsinə yönəldiyi bildirilib.

Aİ Rusiyanın Ağdam-Əskəran yolu ilə göndərdiyi humanitar yardımın Qarabağa çatdırılmasını qeyd etdiyini, bu məsələ ilə bağlı bütün həssaslıqları anladıqlarını və bunun yerli əhaliyə müntəzəm humanitar təchizatın bərpası üçün təkan yaradacığını gözlədiklərini vurğulayıb.

“Yerdə vəziyyət sürətlə pisləşir. Qarabağ ermənilərinə zəruri məhsulların çatdırılmasını təmin etmək çox vacibdir. Bu gün Ağdam-Əsgəran marşrutunun açılması Laçın dəhlizinin də yenidən açılmasını asanlaşdıran mühüm addımdır. Biz bütün maraqlı tərəfləri həm Laçın, həm də Ağdam-Əsgəran marşrutundan istifadə olunmasını təmin etmək üçün məsuliyyət və çeviklik nümayiş etdirməyə çağırırıq”, sözçü qeyd edib.

Çətin vəziyyətin uzun müddət davam etdiyini qeyd edən Aİ, payız və qış mövsümündən əvvəl humanitar yardımın təmin edilməsi üçün davamlı və qarşılıqlı məqbul həllər tapmağın vacib olduğunu vurğulayıb.

“Biz Laçın dəhlizinin keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin sərəncamına uyğun olaraq blokadadan çıxarılmasına güclü inamımızı bir daha bildirir və yerli əhalinin rifahı üçün digər tədarük marşrutlarının da faydalı olacağına inamımızı vurğulayırıq. Aİ bugünkü hadisələrin yaxın günlərdə və həftələrdə daha konkret addımlarla izlənəcəyini, həmçinin Bakı və Qarabağ erməniləri arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoqun və ümumi Ermənistan-Azərbaycan sülh prosesi ilə barışıq səylərinin davam edəcəyini gözləyir”, bəyanatda qeyd edilib.

SEE ALSO: Rusiyanın humanitar yardımı Xankəndinə buraxılıb

Rusiya Qızıl Xaç Cəmiyyətinin (RQXC) Azərbaycanın Qarabağ regionunun ermənilər yaşayan hissəsinə göndərdiyi humanitar yardım avtomobili iki gün Azərbaycanın Bərdə şəhərində gözlədikdən sonra sentyabrın 12-də Ağdam-Xankəndi yolu ilə Rusiya sülhməramlı kontingentinin nəzarət etdiyi əraziyə daxil olub.

Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə RQXC-nın yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndinə keçidi təmin olunub.

“Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk”, o qeyd edib.

Hacızadə Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə deyib ki, Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəsi bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib.

“Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır”, o qeyd edib.

Rusiya Federasiyasının göndərdiyi humanitar yardım olan yük maşınının Əsgəran yolu ilə Xankəndinə çatdığını Qarabağ erməniləri də təsdiqləyib.

“Tank” abidəsi yaxınlığında toplaşan narahat vətəndaşlar əvvəlcə avtomobili Artsaxa buraxmayaraq etiraz ediblər, sonra razılığa gəliblər və Rusiya Federasiyası Qızıl Xaç Cəmiyyətinin yük maşını polisin müşayiəti ilə Artsaxın paytaxtı Stepanakertə daxil olub”, özünü Əsgəran şəhərinin meri kimi təqdim edən Hayk Şamiryan qeyd edib.