Sentyabrın 9-da Azərbaycan Ədliyyə Nazirliyi Klassik Xalq Cəbhəsi Partiyasını (sədri, Milli Məclisin keçmiş deputatı Mirmahmud Mirəlioğlu), Azərbaycan Xalq Cəbhəsi Partiyasını (sədri, Milli Məclisin keçmiş deputatı Əli Kərimli), Müsavat Partiyasını (sədri, Milli Məclisin keçmiş deputatı Arif Hacılı), Respublikaçı Alternativ Partiyasını (sədri İlqar Məmmədov) dövlət qeydiyyatına alıb.
Beləliklə Ədliyyə Nazirliyinə yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 18-i dövlət qeydiyyatına alınıb.
Azərbaycan müstəqilliyini əldə etdikdən (18 oktyabr 1991-ci il) sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bunlardan 1993-cü ildə iki partiya məhkəmə qaydasında ləğv edilib. 2021-ci ildə 6 partiya iqtidarda olan Yeni Azərbaycan Partiyasının sıralarına qoşulduğunu bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi.
“Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra bu siyasi partiyalardan 31-i ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.
Qalan 27 siyasi partiya Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib. Onlardan indiyədək yalnız 18 siyasi partiya yenidən dövlət qeydiyyatına alınıb.