Accessibility links

Azərbaycanda Ədliyyə Nazirliyi 12 siyasi partiyanı yenidən qeydiyyata alıb


Ədliyyə Nazirliyi (official photo)
Ədliyyə Nazirliyi (official photo)

Sentyabrın 7-də Ədliyyə Nazirliyi Böyük Azərbaycan Partiyasını (sədri Elşad Musayev), Xalq Partyiyasını (sədri, keçmiş baş nazir Pənah Hüseyn), Demokrat Partiyasını (sədri Sərdar Cəlaloğlu) yenidən dövlət qeydiyyatına alıb.

Bundan öncə iqtidarda olan Yeni Azərbaycan Partiyası (sədri, Prezident İlham Əliyev), Ağ Partiya (sədri Tural Abbaslı), Vətəndaş Həmrəyliyi Patiyası (sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı), Milli Dirçəliş Hərəkatı Partiyası (sədri Fərəc Quliyev), Milli Cəbhə Partiyası (sədri, Milli Məclisin deputatı Razi Nurullyaev), Ana Vətən Partiyası (sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı), Haqq Ədalət Partiyası (sədri, keçmiş səhiyyə naziri Əli İnsanov), Azərbaycan Milli İstiqlal Partiyası (sədri Arzuxan Əlizadə), Ümid Partiyası (sədri, keçmiş deputat İqbal Ağazadə) yenidən dövlət qeydiyyatına alınıb.

Beləliklə Ədliyyə Nazirliyinə yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 12-ni dövlət qeydiyyatına alınıb.

Bununla yanaşı, ölkənin aparıcı müxalifət partiyaları hesab edilən Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Respublikaçı Alternativ Partiyası hələ qeydiyyata alınmayıb.

Azərbaycan müstəqilliyini əldə etdikdən (18 oktyabr 1991-ci il) sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bunlardan 1993-cü ildə iki partiya məhkəmə qaydasında ləğv edilib. 2021-ci ildə 6 partiya iqtidarda olan Yeni Azərbaycan Partiyasının sıralarına qoşulduğunu bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi.

“Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra bu siyasi partiyalardan 31-i ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Qalan 27 siyasi partiya Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib. Onlardan indiyədək yalnız 12 siyasi partiya yenidən dövlət qeydiyyatına alınıb.

Forum

XS
SM
MD
LG