Avqustun 26-da Qalib Toğrul 1 saylı Bakı Istintaq Təcridxanasında qardaşı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə görüşüb. 30 dəqiqə çəkən görüş şüşə baryerin arxasından telefon vasitəsi ilə olub və nəzarətçi bir neçə dəfə görüşün başa çatdırılmasını istəyib.
Bu barədə Qalib Toğrul bildirib.
“Qubad müəllimin gözlərinin altı tuluqlanıb, şişkinlik hələ də çəkilməyib. Çox güman ki, bu, böyrəklərindəki problemlərdən, havasızlıq və hərəkətsizlikdən qaynaqlanır. Qalxanabənzər vəzdəki (zob) dəyişikliklər artıq gözlə müşahidə edilə bilən səviyyəyə çatıb. Düyünlər öz işini görür, qardaşımda sinir sisteminin pozulması əlamətləri müşahidə olunur. Qan təzyiqi, şəkər və ürək döyüntüsü hələ də normallaşmayıb.
Üstəlik gecələr kamerada işıqlar söndürülmür. Bu vəziyyət onsuz da əsəbləri pozulan qardaşımın normal yatmasına imkan vermir. Bu da gün ərzində xroniki yorğunluğa və başağrılarına səbəb olur. Bir daha əmin oldum ki, gecələr işıqların yanılı saxlanılması qardaşıma qarşı fiziki işgəncə vasitəsidir”, o qeyd edib.
Penitensiar Xidmət Qalib Toğrulun yazdıqlarına hələ münasibət bildirməyib.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.