Tehranın Evin Həbsxanasında saxlanılan türk dil hüquq müdafiəçisi Tehran vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən 11 il müddətinə azadlıqdan məhrum edilib. Tehran vilayətinin İnqilab Məhkəməsi bundan əvvəl onu 16 il həbs cəzasına məhkum etmişdi.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin xəbərinə görə, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il müddətinə, “sistemə qarşı təbliğat fəaliyyəti aparmaq" ittihamı ilə 1 il həbsə və "müharibə və iğtişaşları qızışdırmaq məqsədi ilə ictimai rəyi təşviq etmək" ittihamı ilə isə 5 il həbsə məhkum edilib.
O, ilkin məhkəmədə "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə müxalifət qruplarından birinə üzv olmaq” ittihamı ilə 5 il həbsə məhkum olunmuşdu, lakin Apellyasiya Məhkəməsi milli fəala bu ittihamdan bəraət qazandırıb. Beləliklə ilkin məhkəmədə ümumilikdə 16 il həbsə məhkum edilən güneyli fəalın cəzası Apellyasiya Məhkəməsində 11 ilə endirilib.
İranın cinayət qanunlarına görə, təqsirləndirilən şəxsə qarşı bir neçə dəfə ittiham irəli sürüldüyü halda, şəxsə qarşı verilən hökmlər arasında ən ağır cəza tətbiq oluna bilər. Bu səbəbdən Mahmud Ocaqlının ittihamlardan birindən bəraət almasına baxmayaraq, onun barəsində tətbiq ediləcək olan 5 il həbs cəzası dəyişməyib.
SEE ALSO: Milli fəal Mahmud Ocaqlı 16 il həbs cəzasına məhkum edilibTehran vilayətinin Apellyasiya Məhkəməsi onun aldığı digər cəza hökmlərini qüvvədə saxlayıb. Türk dil haqları fəalının 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub və hər hansı kütləvi informasiya vasitəsində və sosial media platformalarında fəaliyyəti qadağan edilib. Eləcə də, Azərbaycanın tarixi, dili və mədəniyyəti ilə bağlı İslam Respublikası tərəfindən təsdiq edilmiş bəzi kitabların xülasəsini yazmağa da məhkum edilib.
Mahmud Ocaqlı keçən il dekabrın 11-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Evin Həbsxanasına köçürülüb. Milli fəalın mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmasına icazə verilməyib. Təqribən 9 aydır Tehranın Evin Həbsxanasının 4 saylı palatasında saxlanılan türk fəala həbsdə olduğu zaman yeni ittihamlar irəli sürülmüşdü.
Tehranda yaşayan güneyli fəal, daha öncə də, türk dil hüquqlarını müdafiə etmək məqsədilə apardığı dinc fəaliyyətlərdən dolayı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək müxtəlif təzyiqlərə məruz qalıb.