Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Sunna Evarsdottir azərbaycanlı alim, Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasına çağırıb.
“Cənab İbadoğlunun iyulun 23-də zorakılıqla saxlanılması və daha sonra həbs olunması ilə bağlı xəbərlər məni şoka salıb. O, “mütəşəkkil qrup şəklində saxta pul hazırlamaq, əldə etmək və ya satmaq”da ittiham olunur və günahı sübuta yetirilərsə, onu 12 ilə qədər həbs cəzası gözləyir. Mən ona qarşı ittihamların onun fəallığından irəli gəlməsi və siyasi motivli olmasından narahatam”, AŞPA məruzəçisi avqustun 24-ü yaydığı bəyanatda vurğulayıb.
Bəyanatda qeyd edilir ki, Qubad İbadoğlu müstəqil iqtisadçı, siyasətçi və Azərbaycan hökumətinin tənqidçisidir. Onun akademik araşdırmalarının bir hissəsi Azərbaycanın dövlət qurumları daxilində korrupsiyaya yönəlib.
2023-cü ilin iyununda Qubad İbadoğlunun gənc azərbaycanlılar üçün təhsil fondu yaratdığını bildirən islandiyalı deputat, fondun korrupsiya ilə məşğul olduğu iddia edilən elitalardan müsadirə edilən ianələr və xarici aktivlər hesabına maliyyələşdiriləcəyini bildirib.
Qubad İbadoğlunun bu yaxınlarda ürək əməliyyatı keçirməsinə və çoxsaylı xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, lazımi qidaya çıxışı olmadığı və sürətlə arıqlaması ilə bağlı məlumatların olduğunu qeyd edən AŞPA məruzəçisi İbadoğlunun saxlanma şəraiti və həkimə müraciət edə bilməməsi ilə bağlı iddiaların ciddi narahatlıq doğurduğunu vurğulayıb.
“Mən Azərbaycan hakimiyyətini Qubad İbadoğlu üçün insani şəraiti, o cümlədən zəruri qida və tibbi yardıma çıxışını təmin etməyə, Azərbaycan hökumətini siyasi motivli ittihamların götürülməsi və onun dərhal azad edilməsi üçün lazım olan bütün addımları atmağa çağırıram”, Sunna Evarsdottir əlavə edib.
SEE ALSO: Avropa Parlamentinin deputatları Qubad İbadoğlunun azad edilməsinə çağırıblarQubad İbadoğlu barədə iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi tərəfindən 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, yerli və beynəlxalq ictimaiyyətin nümayəndələri İbadoğlunun azad edilməsi üçün çağırış ediblər.
AŞPA-nın islandiyalı deputatı Sunna Evarsdottir daha əvvəl Azərbaycanda siyasi məhbuslar məsələsi ilə bağlı məruzəçi olub.
Onun hazırladığı məruzə əsasında AŞPA 2020-ci ilin yanvarında “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” başlıqlı qətnamə qəbul edib. Həmin qətnamədə Azərbaycan hakimiyyətinə "siyasi məhbuslar problemini birdəfəlik həll etmək"lə bağlı çağırış edilib.