Azərbaycan Prezidenti Ukraynanı Müstəqilik Günü münasibəti ilə təbrik edib: “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edirik”

İlham Əliyev və Volodimir Zelenski (Arxiv foto. Mənbə: Azərbaycan Prezident Administrasiyası)

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Baş nazir Əli Əsədov isə Ukrayna Baş naziri Denis Şmıqala avqustun 24-də Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

“Azərbaycan ilə Ukrayna arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın tarixən təşəkkül tapmış sıx dostluq və qarşılıqlı hörmət ənənələrindən irəli gəlir. Bu iradədən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrimizin birgə səylərimizlə dinamik inkişaf edərək yeni mərhələyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Ukrayna əlaqələrinin keçən ilin yanvarında Ukraynaya səfərim zamanı imzaladığımız Birgə Bəyannamədə öz əksini tapmış məram və məqsədlərə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə inanıram”, Prezident Əliyevin təbrikində deyilir.

Przezident Əliyev bildirib ki, Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir.

“Biz Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayır, bundan sonra da lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, təbrikdə deyilir.

Baş nazir Əli Əsədovun təbrikində isə deyilir ki, Azərbaycan-Ukrayna ənənəvi dostluq münasibətləri və səmərəli əməkdaşlıq iki ölkə xalqlarının və ölkələrin mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcək.

Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. Hər iki dövlət bir-birinin müstəqilliyini qısa müddətdə tanısa da, diplomatik nümayəndəliklərin açılması bir qədər sonraya təsadüf edir.

Ukraynanın Azərbaycandakı səfirliyi 1996-cı il mayın 5-də fəaliyyətə başlayıb. Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci il martın 17-də açılıb.

Hər iki ölkə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatla (GUAM) yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatnda təmsil olunur.

Azərbaycan və Ukrayna dövlət başçıları səviyyəsində çoxsaylı səfərlər olub və iki ölkə arasında onlarla sənəd imzalanıb. Azərbaycan prezidenti İlham Əliyev sonuncu dəfə Rusiya-Ukrayna müharibəsi başlamazdan bir ay öncə, 2022-ci il yanvarın 17-də Ukraynada səfərdə olub. Bundan sonra da müxtəlif platformalarada iki ölkə prezidentlərinin, xarici işlər nazirlərinin görüşü baş tutub, paralamentarilərin qarşılıqlı səfərləri olub.

Müharibənin ilk günlərindən Azərbaycan Ukraynaya humanitar yardım göndərməyə başlayıb. İlk yardım müharibənin başlamasından üç gün sonra, 27 fevralda çatdırılıb.

Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manatdan çoxdur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 120-dən çox ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi (SOCAR Energy Ukraine) müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.

2023-cü il iyulun 17-də Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 7,6 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılması barədə sərəncam imzalayıb.

Buna qədər Azərbaycan Ukraynaya Kaxovka Su Elelktrik Stansiyasının dağıntılarının nəticələrinin aradan qaldırılması üçün humanitar yardım qismində generatorlar, nasoslar və digər avadanlıq, ərzaq, dərman və tibbi ləvazimatlar göndərib.

Bu günlərdə isə Azərbaycan Ukraynaya mina təmizləmək üçün maşın göndəriləcəyini elan edib.

Politoloq Şahin Cəfərli Amerikanın Səsinə bir qədər əvvəl verdiyi müsahibədə bildirib ki, Azərbaycan-Ukrayna əlaqələri həmişə yaxşı olub.

“Iki dövlətin maraqlarının üst-üstə düşməsini şərtləndirən ən vacib məsələ hər iki dövlətin ərazisində münaqişənin mövcudluğu olub. Bu baxımdan bu dövlətlər hər zaman bir-birinin ərazi bütövlüyünə, müstəqilliyinə dəstək verib. Digər amil, postsovet dövründə yaranan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatıdır”, o qeyd edib.