Türkiyə Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərin əsası olmadığını deyib

Türkiyə bayrağı (Mənbə: Türkiyə səfirliyi)

Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izlədiyini, Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anladığını bildirib.

“Təəssüflər olsun ki, Azərbaycanın indiyədək açıq-aşkar dilə gətirdiyi narahatlıqlar nəzərə alınmayıb və bunun nəticəsində Azərbaycan öz suveren hüquqları çərçivəsində lazım bildiyi tədbirləri həyata keçirib”, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanır.

Türkiyə Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərin heç bir əsası olmadığını, Laçın yolu ilə tibbi evakuasiyanın təmin edilməsi və irimiqyaslı yüklərin daşınması üçün əlverişli olan digər marşrutların ayrılmasının Azərbaycan tərəfinin vicdanla səy göstərməsindən xəbər verdiyini qeyd edib.

“Ermənistandan gözləntimiz təxribat xarakterli addımlardan çəkinmək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq, Qarabağda erməni əhalisinin ehtiyaclarını ödəmək üçün həm Ağdam-Xankəndi, həm də digər alternativ yollardan istifadəni dəstəkləmək, eləcə də Azərbaycanın erməni əhalisinin reinteqrasiyası istiqamətində səylərini dəstəkləməkdir”, Türkiyə XİN əlavə edib.

Türkiyə Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq üçün Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və humanitar səylərini dəstəklənmək, vəziyyəti daha da gərginləşdirə biləcək hərəkətlərdən çəkinmək lazım olduğunu bildirib.

Türkiyənin bu bəyanatı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı vəziyyətlə bağlı müzakirələrin keçirilməsi ərəfəsinə təsadüf edir. Ermənistan avqustun 11-i BMT Təhlükəsizlik Şurasına “Dağlıq Qarabağın mülki əhalisinin məcburi şəkildə tam blokadaya alınması ilə əlaqədar humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar” fövqəladə iclasının çağırılması xahişi ilə müraciət edib.

Ermənistanın bu müraciəti ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin “revanşizm siyasətinin qurbanına” çevrildiyini qeyd edib, Yerevanı BMT Təhlükəsizlik Şurasını "manipulyasiya kampaniyası üçün alətə çevirmək" cəhdində ittiham edib.

Bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurasının bir sıra xüsusi məruzəçiləri və ekspertləri Azərbaycanı Laçın dəhlizinin blokadasını götürməyə və Dağlıq Qarabağda humanitar böhranı dayandırmağa çağırıblar.

BMT ekspertlərinin bəyanatında deyilir ki, son 7 ayda Qarabağı Ermənistanla birləşdirən yeganə yolu əngəlləyən blokada əhalini kəskin ərzaq məhsulları, dərman və gigiyena vasitələri çatışmazlığı ilə üz-üzə qoyub, tibb və təhsil müəssisələrinin fəaliyyətinə təsir göstərib, sakinlər - xüsusilə uşaqlar, əlillər, yaşlılar, hamilə qadınlar və xəstələr - əhəmiyyətli risk altındadır.

“Laçın dəhlizinin blokadası humanitar fövqəladə haldır ki, günəbaxan yağı, balıq, toyuq əti, süd məhsulları, dənli bitkilər, şəkər və körpə süni qarışıqları da daxil olmaqla, əsas qida məhsullarının kəskin çatışmazlığına səbəb olub,” ekspertlər bildirib.

Onlar xəbərdarlıq ediblər ki, bölgədə tibbi ehtiyatlar sürətlə tükənir və yanacaq ehtiyatlarının azalması səbəbindən təcili yardım maşınlarının fəaliyyəti çətinləşir, xəstələrə qayğı göstərməkdə çətinliklər yaranır.

Çərşənbə günü BMT-nin Təhlükəsizlik Şurasında Ermənistanın müraciəti müzakirə ediləcək.