Accessibility links

Azərbaycan Ermənistan ordusuna məxsus kəşfiyyat qrupunun üzvünün saxlanıldığını deyir, Yerevan iddianı inkar edir


Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, avqustun 16-da səhər radələrində Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi yaxınlığında Ermənistan silahlı qüvvələrinin "kəşfiyyat-diversiya qrupu" Azərbaycan ərazisinə daxil olmağa cəhd göstərib. Ermənistan isə iddianı "yalan" adlandıraraq onu rədd edib.

Rəsmi Bakı cəhdin qarşısının alındığını qeyd edib.

“Diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə Azərbaycan hərbi qulluqçuları tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üvləri geri çəkilməyə məcbur edilib. Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir,” Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi məlumat verir ki, avqustun 16-da ehtiyatda olan G.V., ilkin məlumata görə, öz istəyi ilə döyüş mövqeyini tərk edib.

“Azərbaycan Müdafiə Nazirliyinin ER Silahlı Qüvvələrinin sərhəd zolağının şərq hissəsində təxribat törətməyə cəhd etməsi barədə yaydığı xəbər tamamilə yalandır. Ehtiyatda olan hərbçinin Azərbaycan tərəfə çıxma ehtimalı və bütün hallar araşdırılır”, məlumatda deyilir.

Onların dediyinə görə, təlim toplantısı iştirakçısının tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.

Bu barədə Azərbaycan Respublikası Prokurorluğunun məlumatında deyilir.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən təxribat-diversiya qrupunun üzvü saxlanılmaqla ondan cinayətin alət və vasitələri götürülüb.

Qeyd edilən faktlarla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə yaradılmış istintaq qrupu tərəfindən təxirəsalınmaz zəruri istintaq tədbirləri davam edir.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Forum

XS
SM
MD
LG