Avqustun 15-i Ermənistan Müdafiə Nazirliyi Avropa İttifaqı Missiyasının müşahidəçiləri və onların avtomobilinin Ermənistanın Vardenis (Basarkeçər) rayonunun Verin Şorja (Yuxarı Şorca) kəndi yaxınlığında Azərbaycan silahlı qüvvələri tərəfindən atəşə tutulduğu barədə məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq məlumatın həqiqətə uyğun olmadığını və qarşı tərəfin növbəti dezinformasiyası olduğunu bildirib.
“Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır. Bu səbəbdən də Ermənistan müdafiə nazirliyinin iddia etdiyi belə bir halın baş verməsi nəzəri və praktiki baxımdan qeyri-mümkündür”, Müdafiə Nazirliyinin bəyanatında qeyd edilib.
Avropa İttifaqının Ermənistandakı Mülki Missiyası X.com (keçmiş Twitter) sosial media platformasındakı səhifəsində ilk olaraq missiyanın atəşə tutulması ilə bağlı məlumatı təkzib edib. Daha sonra həmin məlumat silinərək düzəliş edilmiş bəyanat paylaşılıb. Aİ Missiyası patrul xidmətinin baş verən atışma hadisəsi zamanı orada olduğunu, heç kimin xəsarət almadığını qeyd edib. Ancaq atəşin kimin tərəfindən açıldığı və ya digər təfərrüatlar barədə məlumat verilməyib.
Avropa İttifaqı Şurası bu il yanvarın 23-də Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Aİ iki illik mandata sahib olan missiyanın məqsədinin Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etmək olduğunu qeyd edib.
Aİ bundan əvvəl ötən ilin oktyabrında bölgəyə müşahidə missiyası (EUMCAP) göndərib. 40-a yaxın ekspertdən ibarət həmin missiya iki aylıq fəaliyyətdən sonra ötən ilin dekabrında mandatını tamamlayıb.