İran Azərbaycanının Təbriz şəhərində qadınlar bu gün avqustun 14-də Şərqi Azərbaycan valiliyi binası qarşısında etiraz aksiyası keçirərək Urmiyə gölünün canlandırılmasını tələb ediblər.
Sosila medida paylaşılan video-görüntülərə görə, qadın nümayişçilər "Urmu gölü susuzdur" şüarı səsləndirərək valilik binasının qarşısında toplaşıblar.
Şərqi Azərbaycan Valiliyi qarşısında Urmiyə gölünün acınacaqlı vəziyyətinə etiraz edən türk qadınların sayının onlarla olduğu təxmin edilir.
Onlar üzərində “Urmu gölü can verir”, “Urmu gölü susuzdur”, “Səddləri sındırın” və " Urmu gölünü doldurun" şüarları dərc olunmuş plakatlar daşıyıblar.
İki gün əvvəl də, güneyli qadınlar Təbrizdə Urmiyə gölünün vəziyyəti ilə əlaqədar etiraz aksiyası keçirmişdilər.
SEE ALSO: Təbrizdə Urmiyə gölü ilə bağlı etiraz aksiyası keçirilibEtirazçı ətraf mühit fəalları iki gün öncə birinci etiraz aksiyalarını Şərqi Azərbaycanın Təbii Sərvətlər və Su Hövzələri İdarəsinin qarşısında keçirərək, hökuməti Urmiyə gölünün qurumasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirməsini tələb etmişdilər.
Ətraf mühit ekspertlərin fikrincə, Urmiyə gölü hazırda son 60 ilin ən pis vəziyyətində olub və onun gələcək sentyabr ayında tamamilə quruması ehtimalı yüksəkdir.
Urmiyə gölününün yatağında böyük ölçüdə duzun olması səbəbindən onun quruması duz fırtınalarına səbəb ola bilər ki, bu da mütəxəssislərin fikrincə, bölgədə ağciyər xəstəliklərinin artmasına və kənd təsərrüfatı torpaqlarının əkilməz hala gəlməsinə səbəb olur.
Ölkənin ətraf mühit mühafizə təşkilatının keçmiş başqanı İsa Kələntəri yerli mətbuata verdiyi müsahibələrdə, dəfələrlə Urmiyə gölünün tamamilə quruması halında Təbrizin boşaldılması barədə xəbərdarlıq edərək, bölgədəki 15 milyon əhalinin həyatına ciddi təhlükə yaradacağını deyib.