Accessibility links

Ətraf mühit fəalları Urmiyə gölü ilə bağlı maarifləndirmə fəaliyyətlərini davam etdirir


Ətraf mühit fəalları Savalan dağının zirvəsində Urmiyə gölünün qurumasına diqqət çəkmək məqsədilə plakat nümayiş etdirir.
Ətraf mühit fəalları Savalan dağının zirvəsində Urmiyə gölünün qurumasına diqqət çəkmək məqsədilə plakat nümayiş etdirir.

Son günlər və həftələrdə güneyli milli fəallar və ətraf mühit fəalları Urmiyə gölünün ağır vəziyyətinə diqqəti cəlb etmək məqsədilə fəaliyyətlərini daha da gücləndiriblər.

İyulun 27-də bir qrup azərbaycanlı alpinist Ərdəbildə Savalan dağının zirvəsinə çıxaraq, gölün qurumasının nəticələri barədə xəbərdarlıq edən plakatlar nümayiş etdiriblər.

Alpinistlərin nümayiş etdirdiyi plakatın üzərində fars dilində “Mənim yurdumu və iqtisadiyyatımı talayıb torpağımı məhv etdiniz ... İndi isə mənim gölümü, Urmiyəmi məhv edərək, Azərbaycanın tamamilə məhv olmasına bayram etmək istəyirsiniz. Azərbaycan səssiz qalmayacaq” yazılıb.

Azərbaycanlı alpinistlər Urmiyə gölünün vəziyyətini tənqid edən plakat nümayiş etdirir
Azərbaycanlı alpinistlər Urmiyə gölünün vəziyyətini tənqid edən plakat nümayiş etdirir

Bəzi idmançılar və ətraf mühit fəalları Tehranın Dəmavənd zirvəsinə qalxaraq Urmiyə gölünün canlandırılması mövzusunda plakat nümayiş etdirib, gölün dirçəldilməsinin zəruriliyi barədə xəbərdarlıq veriblər. Plakatın üzərində son həftələrdə Twitter sosial şəbəkəsində fəallar tərəfindən geniş şəkildə istifadə olunan SaveLakeUrmia həştəqi də əlavə edilib.

alpinist idmançılar Dəmavənd dağının zirvəsində
alpinist idmançılar Dəmavənd dağının zirvəsində

Azərbaycanlı milli fəallar həmçinin İran Azərbaycanının müxtəlif şəhərlərində gölün quruması ilə bağlı xəbərdarlıq məzmunlu vərəqələr paylayıblar.

Sosial mediada paylaşılan fotolarda Təbriz, Ərdəbil, Xiyav, Sulduz, Urmiyə və Xoy şəhərlərində azərbaycanlı milli fəalların xalq arasında vərəqələr payladığını göstərilir.

Həmin şəhərlərdə milli fəallar divarlara Urmiyə gölü ilə bağlı afişalar yapışdırıb və evlərə və maşınlara vərəqələr paylayıblar.

Güneyli fəalların şəhərlərdə payladıqları vərəqələrin mətnində gölün qurumasının səbəb olduğu təhlükələr, o cümlədən bölgədə yaşayan insanlar, xüsusilə də uşaqlar arasında xərçəng xəstəliyinin artması, kənd təsərrüfatı torpaqlarının istifadəsiz hala gəlməsi kimi təhlükələr, eləcə də duz fırtınalarının başlaması ilə Azərbaycanın duz səhrasına çevrilməsi və bunun nəticəsində türk vilayətlərindən məcburi köçün başlaması ilə əlaqədar xəbərdarlıqlar edilib.

İran Azərbaycanındakı bir çox milli fəallar İran hökumətinin Urmiyə gölünü canlandırmaq üçün lazımi iradə nümayiş etdirmədiyinə inanırlar.

Hazırda Urmiyə gölünün suyunun son 60 ildə ən aşağı səviyyədə olduğu bildirilir. Bəzi mütəxəssislər hər hansı bir təcili tədbirin görülmədiyi halda, sentyabr ayında gölün tamamilə quruyacağını təxmin edirlər.

XS
SM
MD
LG