Accessibility links

İrandakı azərbaycanlı fəallar Urmiyə gölünün vəziyyəti ilə bağlı fəaliyyətlərini artırıblar


Ekoloji fəalları Urmiyə gölünün vəziyyətinə etiraz edir
Ekoloji fəalları Urmiyə gölünün vəziyyətinə etiraz edir

İsti mövsümün gəlməsi ilə Urmiyə gölündə buxarlanmanın artması müşahidə edilir. Son günlər sosial şəbəkələrdə yayılan şəkillər və videolar göldə vəziyyətin pisləşdiyini göstərir.

Güneyli milli fəallar və ətraf mühit fəalları son həftələrdə Urmiyə gölündə ekoloji vəziyyətlələ bağlı fəallığı artıraraq, gölün quruması ilə bağlı xəbərdarlıq edirlər. Urmiyə şəhərində fəallar gölün qurumasının fəsadları və hazırkı vəziyyətlə bağlı xəbərdarlıq məzmununda şəhərdə afişalar quraşdıraraq, ictimai rəyi cəlb etməyə çalışıblar. Bu afişalarda Urmiyə gölünün təsvirləri və üzərində Azərbaycan türkcəsində “Bizi çağırır, səsini eşidirsən, susuzam deyir” yazısı yer alıb. Həmçinin İngilis dilində də “Save Urmia Lake” yazılı afişaların divarlara quraşdırıldığı müşahidə edilir.

Gölün su miqdarının balansa çatması üçün illik təxminən bir milyard kubmetr su lazımdır.
Əhməd Baybordi

Bəzi ekspertlərin fikrincə, Urmiyə gölünün quruması problemi təxminən iyirmi il bundan əvvəl başlayıb. Onlar əsasən, Mahmud Əhmədinejadın prezidentliyi dövründə gölün üzərində tikilmiş və şimal və cənub hissələr arasında su axınının dayanmasına və beləliklə suyunun buxarlanma sürətinin xeyli artırmasına səbəb olan körpünü, icazəsiz quyuların qazılmasını, yeraltı suların qeyri-peşəkar istifadəyə alınmasını və kənd təsərrüfatı fəaliyyətinin artırılmasını Urmiyə gölünün bu vəziyyətə gəlib çatmasının əsas səbəblər kimi qiymətləndirirlər.

Son günlərdə bəzi ekoloji fəallar qurumuş gölün yatağının yanında toplaşıb, əllərində plakatlar tutaraq, deputatları ironiyalı şəkildə tənqid ediblər. “Saysız bəndlər və qeyri-peşəkar körpü yolu çəkilməsi ilə Urmiyə gölünün qurumasına səbəb olan Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Kürdüstan vilayətlərinin deputatları və hakimiyyətin vəzifəli şəxslərinə və orqanlarına minnətdarıq”.

Bölgədəki hüquq müdafiəçilərinin dərc etdiyi bəzi məlumatlara görə, azərbaycanlı fəalların bu dinc toplantısına polis qüvvələri müdaxilə edərək onları dağıdıb.

Təbrizli karikaturaçı rəssam Rəhim Baqqal Əsgəri öz İnstagram səhifəsində Urmiyə gölü ilə bağlı son rəsmini paylaşıb və hökumətin gölün dirçəldilməsi istiqamətindəki atdığı addımları suyun dənizlərdən mərkəzi vilayətlərə nəqli layihələri ilə müqayisə edib və bildirib ki, hökumət bütün fəryadlara baxmayaraq gölü bərpa etməkdə acizdir. “Ögey olmaq hissi pis hissdir, bu hissi idarəçilər öz davamlı inadları ilə gücləndirirlər ... iyirmi ildir bunu edirlər”.

Ətraf mühit fəallarının və digər azərbaycanlı fəalların İran Azərbaycanında hökumətin ekoloji böhranın həllində idarəçiliyinə qarşı irəli sürdükləri bütün tənqidlərə baxmayaraq, hökumətlər son iki onillikdə həmişə bərpa planlarını müdafiə edib və canlandırma sözü veriblər.

Keçmiş prezident Həsən Ruhani öz çıxışlarında bir neçə dəfə hökumətinin gölü bərpa etdiyini iddia edib. Ondan əvvəlki prezident Mahmud Əhmədinejad da gölün xilas edilməsi ilə bağlı sərəncam vermişdi, lakin hər hansı bir müsbət irəliləyiş əldə edilməmişdi. Bu yaxınlarda prezident İbrahim Rəisi hökuməti Həsən Ruhani dövründə Zab çayından suyun nəqli ilə bağlı başlanmış layihənin də açılışını edib, lakin ekspertlər bu tuneldən ötürülən suyun miqdarının gölün bərpasında təsirli rol oynaya bilməyəcəyini deyirlər.

Əhməd Baybordi ətraf mühit məsələləri üzrə ekspert və Şərqi Azərbaycan vilayətində kənd təsərrüfatı və təbii ehtiyatlar üzrə tədqiqat və təhsil mərkəzinin rəhbəridir. “Zab çayından Urmiyə gölünə daxil olan suyun miqdarı təxminən 300 milyon kubmetrdir, halbuki (göldə su miqdarı) balansa çatmaq üçün təxminən bir milyard kubmetr su lazımdır. Temperaturun artması və buxarlanma və transpirasiya intensivliyi nəzərdə alındığında Urmiyə gölünün vəziyyətinin yaxın aylar üçün ağır olacağını təsəvvür edirəm”, o, Twitter hesabında yazıb.

Urmiyə gölündə yaranmış vəziyyətlə bağlı narahatlıqlar 2011-ci ildə İran Azərbaycanında ekoloji böhranın həlli istiqamətində hökumət və parlamentin ciddi addım atmamasına qarşı ictimai etirazlara səbəb olmuşdu.

Müşahidəçilər gölün ekoloji problemlərinə hökumətin on il ərzində səriştəsizliyi və yaxud problemin həllinə ciddi yanaşmamasının səbəb olub-olmadığını sual edir.

XS
SM
MD
LG