Accessibility links

Savalan zirvəsinə qalxan fəallar dövlətin Urmiyə gölü siyasətinə etiraz bildiriblər


İran Azərbaycanının müxtəlif şəhərlərindən Savalan dağının zirvəsinə qalxan bir qrup alpinist və milli fəal İran dövlətinin Urmiyə gölü ilə əlaqədar yürütdüyü siyasətlərinə etirazlarını nümayiş etdiriblər.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və Aznews TV kimi xəbər saytlarının yaydığı məlumata görə, fəallar Təbriz, Muğan, Xiyav, Sulduz, Tehran və Ərdəbil kimi şəhərlər və bölgələrdən Savalan dağında toplaşıblar.

Sosial şəbəkələrdə paylaşılan görüntürlərdə fəalların əllərində üzərində “Urmu gölüm səni yaşatmaq üçün selə dönərik” və “Urmu gölünün acı ölümünə bir addım qalır” kimi cümlələrin yazıldığı plakatlar görünür.

“Azərbaycan Milli Hərəkatına” mənsub fəallar hər il avqust ayının ortalarında Savalan dağının zirvəsində toplaşaraq milli şüarlar və tələbləri gündəmə gətirməyə çalışırlar.

İran hökumətinin Urmiyə gölünü canlandırmaq adına başlatdığı layihələrin bir çoxunun yarımçıq buraxıldığı, digərlərinin isə nəticə vermədiyi ortaya çıxdıqdan sonra son həftələrdə Urmiyə gölü məsələsi yenidən İran Azərbaycanında müxtəlif qrupların diqqət mərkəzində qalır.

İran Azərbaycanının bir çox bölgəsində əhali bir neçə ildir Urmiyə gölündən gələn toz dumanlarından əziyyət çəkir. İran mətbuatına danışan ekspertlər gölün sahəsi kiçildikcə duz fırtınası təhlükəsinin artacağını bildirirlər.

Universitet profesoru və İran ətraf mühit mühafizəsi təşkilatının keçmiş başqan muavini İsmail Kəhromun sözlərinə görə, Urmiyə gölü qurusa, “altı ilə səkkiz şəhərin duz qatları altında qalaraq bütünlüklə məhv olacağı” təxmin edilir.

XS
SM
MD
LG