Accessibility links

İran Azərbaycanında Urmiyə gölü ilə bağlı kampaniyalar genişlənir


Son həftələrdə İran Azərbaycanında Urmiyə gölündə yaşanan ekoloji fəlakətlə bağlı narahatlıqların artması ilə bərabər təşkil olunmağa başlayan kampaniyalar günü-gündən genişlənir.

İnternet portalları və sosial şəbəkələrdə yayılan xəbər və görüntülərə əsasən, keçən bir neçə gün ərzində Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində müxtəlif kəsimlər, o cümlədən tələbələr, alpinistlər, idmançılar və velosipedçilərdən ibarət olan qruplar müxtəlif şəkillərdə Urmiyə gölünün kritik vəziyyətini gündəmə gətiriblər.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə fərqli bölgələrdə qadınların əllərində Urmiyə gölü ilə bağlı plakat nümayiş etdirərək tək-nəfərlik aksiya keçirdikləri görünür.

Araz News saytı bir alpinist qadının Dəmavənd dağının zirvələrində üzərində "Urmiyə gölünü qoruyun" yazılı bir plakat nümayiş etdirdiyini göstərən bir görüntü yayıb.

Sosial mediada görüntüləri paylaşılan tək-nəfərlik aksiya keçirən qadınlardan biri əlində nümayiş etdirdiyi plakatda yazıb ki, "bəndləri açın, 15 milyon insanın həyatı təhlükədə! Urmiyə gölünün həyatı, Azərbaycanın həyatı!"

Ərdəbil vilayətinin Xiyav şəhərindən olan bir qrup gənc idmançı isə Babək qalasında şüarlar səsləndiriblər. Sosial şəbəkələrdə paylaşılan bir videogörüntüdə gənc idmançıların "Urmu gölü xəstədir, o, axır nəfəsdədir!" şüarını səsləndirdikləri eşidilir.

Zəncanda isə bir qrup tələbə İran dövlətinin Urmiyə gölü siyasətinə etiraz bildirmək üçün bir araya gəliblər.

İran Azərbaycanının bir çox bölgəsində əhali illərdir ki, Urmiyə gölündən gələn toz dumanlarından əziyyət çəkir. Ekspertlər gölün sahəsi kiçildikcə duz fırtınası təhlükəsinin artacağını bildirirlər. Prezident Ruhani dönəmində fəaliyyət göstərən Urmiyə Gölünü Canlandırma Mərkəzinin katibi İsa Kəlantəri bir neçə il öncə Aral gölünün quruması ilə meydana gələn dəri və tənəffüs xəstəlikləri, habelə bəzi digər ölümcül xəstəliklərin Urmiyə gölü ətrafında da göründüyünü bildirmişdi.

Forum

XS
SM
MD
LG