İranın Həmədan vilayətində bir qadın edam edilib

Həmədan vilayəti

Şənbə günü, avqustun 12-də səhər saatlarında Həmədan həbsxanasında daha öncə qətl ittihamı ilə edam cəzasına məhkum edilmiş bir qadın məhbusun hökmü icra edilib.

İran İnsan Haqları Təşkilatının (İranhr) yaydığı məlumatına görə, əslən Təbrizli olan qadın məhbus Həmədan həbsxanasında edam edilib. Bu məhbusun adının Rüqəyyə Abidini və təqribən 40 yaşında olduğu qeyd olunur.

Həmədanda həyat yoldaşını qətlə yetirmək ittihamında edama məhkum edilmiş Rüqəyyə Abidini üç il əvvəl həbs edilib və məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilmişdi.

İran mediası və ya rəsmi mənbələr bu xəbər haqqında məlumat verməyib.

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini "diyə-təzminat" almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilir. Müəyyən edilmiş son möhlətə qədər "diyə" məbləğini hazırlayıb ödəyə bilməyən məhkumların ölüm cəzası icra edilir. "Diyə" şəriət qanunlarına görə, hesablanan bir təzminat növüdür.

İran İnsan Haqları Təşkilatının hesabatına görə, 2023-cü ilin əvvəlindən ölkədə 11-i qadın olmaqla 457 nəfər edam edilib.