2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 28,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 7,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 15,4 milyard kubmetri “Şahdəniz”dən, 0,1 milyard kubmetri “Abşeron”dan, 5,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında 3,3 faiz, yəni 0,9 milyard kubmetr artım qeydə alınıb.
Bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında deyilir.
Məlumatda deyilir ki, son 7 ayda xaricə qaz satışı 13,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur. Bu ilin yanvar-iyul aylarında Avropaya 6,6 milyard kubmetr, Türkiyəyə 5,8 milyard kubmetr, Gürcüstana 1,4 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,3 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən avqustun 1-dək AÇG-dən 211 milyard kubmetr, “Şahdəniz”dən isə 198 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 139,9 milyard kubmetrə yaxını ixraca nəql edilib”, nazirlik bildirir.
Məlumata görə, 2023-cü ilin yanvar-iyul ayları üzrə ölkədə 17,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Neft hasilatının 10,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 40,4 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,5 milyon ton təşkil edib”.
Məlumatda deyilir ki, son 7 ayda 14,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,2 milyon tonu konsorsium, 1,7 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən avqustun 1-dək 620,3 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 577,5 milyon ton neft, “Şahdəniz”dən isə 42,8 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 avqust 2023-cü il tarixinədək 618,4 milyon tonu ixraca nəql edilib”.
2023-cü ilin 7 ayı üzrə ölkədə neftin emalı 3,7 milyon ton təşkil edib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bidlirib ki, Azərbaycan əlavə qaz həcmlərinin Avropaya ixracı məqsədi ilə infrastrukturun genişləndirlməsi ilə bağlı işlərini davam etdirir.
“Bu ölkələr sırasında Türkiyə, Bolqarıstan, Rimıniya, Macarıstan və Slovakiya olacaq. Bundan nəticə çıxarmaq olar ki, Azərbaycanın genişləndirilmiş qazı Avropanın cənubuna, Balkanlara deyil, Şərqi və Mərkəzi Avropa ölkələrinə ixrac ediləcək”, o qeyd edib.
Rəsmi statistikaya görə Azərbaycanın 800 milyon tondan çox neft, 2,6 trilyon kubmetr qaz ehtiyatları var.