ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Luis Bono ABŞ-ın sülh prosesinə dəstəyini, davamlı və layiqli sülhün əldə edilməsini müzakirə etmək üçün regiona səfər edib.
Bu barədə avqustun 2-də Dövlət Departamentinin sözçüsü Metyu Miller Turan agentliyinə bildirib.
"Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır. O, həm Azərbaycana, həm də Ermənistana səfər edəcək", Miller bildirib.
Onun sözlərinə görə, cənab Bono Dağlıq Qarabağda yaşayan insanların humanitar şəraiti, hüquqları və təhlükəsizliyini müzakirə edəcək.
“Biz ardıcıl olaraq bildirdik ki, regionda sülh bu müdafiə vasitələrini əhatə etməlidir”, Miller əlavə edib.
“Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilən prosesə töhfə verməyə hazırıq”, o qeyd edib.
Bu, Luis Bononun bu vəzifədə regiona üçüncü səfəri olacaq.
İyulun 30-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbətində Qarabağda humanitar vəziyyəti müzakirə edib.
“Dünən mən Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi ilə bağlı dərin narahatlığımızı bildirmək üçün Azərbaycan prezidenti Əliyevlə danışdım. Birləşmiş Ştatlar bütün tərəfləri davamlı sülh razılaşmasına nail olmaq üçün dialoqu davam etdirməyə təşviq edir”, Blinken iyulun 30-da Twitter səhifəsində qeyd edib.
ABŞ Dövlət Departamentinin açıqladığı məlumata əsasən, Blinken prezident Əliyevlə telefon danışığında Dağlıq Qarabağda humanitar vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib.
Dövlət katibi Blinkenin bütün tərəflərin sülh danışıqlarında müsbət tempi saxlamasının vacibliyini vurğuladığı qeyd edilir.
ABŞ dövlət katibi bu ilin mayında və iyununda Birləşmiş Ştatların Virciniya ştatında Arlinqtonda Corc Şultz adına Xarici İşlər Milli Təlim Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının iki raunduna ev sahibliyi edib.
Blinkenin sözlərinə görə, danışıqlarda gələcək sazişin bəzi maddələri razılaşdırılıb, həmçinin “bəzi həll edilməmiş məsələlər üzrə mövqelərin dərindən başa düşülməsinə” nail olunub.