Accessibility links

İran Ordusunun Baş Qərargah rəisi Azərbaycanla sərhəddə passiv mühafizəni nəzərdən keçirdiyini bildirib


İran Ordusnun Baş Qərargah rəısi Məhəmməd Baqiri (Mənbə: İRNA)
İran Ordusnun Baş Qərargah rəısi Məhəmməd Baqiri (Mənbə: İRNA)

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri iyulun 19-da bu ölkənin Qərbi Azərbaycan əyalətinin Poldəşt sərhəd-keçid məntəqəsində (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə sərhəd-red) olub. O, bu səfərinin əsas məqsədini İranın Azərbaycan Respublikası ilə sərhədində passiv mühafizənin nəzərdən keçirilməsi kimi qiymətləndirib.

İRNA agentliyinin məlumatına görə, general Baqiri İran ordusunun komandanları, onların müavinləri, həmçinin komandirləri ilə birlikdə Poldəştin valiləri ilə görüşüb.

“İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sözlərinə görə, bu gün ölkə silahlı qüvvələrinin çəkindirici gücü həmişə olduğu kimi yüksəkdir və silahlı qüvvələrin bütün birləşmələri tam döyüş hazırlığındadır”, agentlik generala istinadən yazıb.

Azərbaycan Xarici İşlər Nazirliyi İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin dedikləri ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə deyib ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycan Respublikası ilə sərhəddə belə bəyanat verməsi Iranın ərazi bütövlüyündən və ölkədəki gərginlikdən narahat olmasının göstəricisidir.

“Ötən ilin sentyabrında bu ölkədə başlayan etiraz aksiyaları İran hakimiyyətini daha sərt tədbirlər görməyə vadar edir. Son günlər əxlaq polisinin fəaliyyətini bərpa etməsi də bunun göstəricilərindəndir. Odur ki, İran hakimiyyəti həm də sərhəddəki vəziyyətdən narahatdır. Tehran hakimiyyətinin təmsilçilərinin çıxışlarında da tez-tez vurğulanan məs'lələrdən biri ərazi bütövlüyü məsələsidir. Rusiya ilə son günlər baş vermiş diplomatik qalmaqal da ərazi bütövlüyü məsələsinə daxildir. İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi bu günlərdə Urmiyə, Təbriz şəhərlərində olub, Bu gün isə Qərbi Azərbaycan əyalətinin Azərbaycan Respublikasının Naxçıvan bölgəsi ilə sərhəddə yerləşən Poldəşt şəhərində olub. Bu şəhər həm də Türkiyə ilə həmsərhəddir. Ehtimal etmək etmək olar ki, İran hakimiyyəti daha çox İraqın şimalındakı qanunsuz silahlı dəstələrinin İran ərazisinə hücum edəcəyindən narahatdır. Digər tərəfdən Tehran hakimiyyətinin Azərbaycan Respublikası ilə sərhəd boyu ərazilərdə manevr keçirməsi planı deməyə əsas verir ki, İran Azərbaycanla bağlı da narahatlığını gizlətmir. Odur ki, Baqirinin çıxışı və səfəri İranın ərazi bötövlüyündən və sərhədlərinin pozulacağı ehtimalından narahatlığın göztəricisidir”, siyasi təhlilçi belə düşünür.

İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Bu ilin martında Almaniyadan İrana səyahət edən Azərbaycan vətəndaşı Fərid Səfərli bu ölkədə casusluq ittihamı ilə həbs edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 3-də Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb.

İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahiyan və Ceyhun Bayramov iki ölkə arasındakı gərginliyin aradan qaldırılması məqsədi ilə artıq bir neçə görüş keçirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.

XS
SM
MD
LG