Avropa İttifaqı kobud insan hüquqları pozuntularına görə daha 12 Rusiya vətəndaşına və beş quruma qarşı sanksiya tətbiq edib. Həbsdə olan müxalif siyasətçilər Aleksey Navalnı və Vladimir Kara-Murzaya qarşı işgəncə və pis rəftarda, habelə etirazçılara qarşı üztanıma texnologiyasından sui-istifadədə günahlandırılan şəxslər İttifaqın “Qlobal İnsan Hüquqları Sanksiya Rejimi” çərçivəsində hədəfə alınıb.
Aleksey Navalnının saxlanıldığı Vladimir vilayətindəki 6 saylı Cəzaçəkmə Koloniyasının rəhbərliyi müxalif siyasətçiyə qarşı pis rəftara görə sanksiya edilib. Navalı 2022-ci ilin avqustundan bəri dəfələrlə təkadamlıq kameraya salınıb, gördüyü rəftar nəticəsində səhhətində ciddi problemlər yaranıb. Bundan əlavə, rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murzanı zəhərləməkdə ittiham edilən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Aleksandr Samofal Böyük Britaniyadan sonra Avropa İttifaqının da sanksiya siyahısına daxil edilib.
Bundan əlavə, sanksiya edilənlər siyahısında Moskva şəhərində etirazçıların aşkarlanması və təqib edilməsi üçün üztanıma texnologiyasından istifadə edən Moskva Şəhər Daxili İşlər Baş İdarəsi, o cümlədən idarənin rəisi Oleq Baranov, Moskva hökumətinin naziri və mer müavini, üztanıma texnologiyasının istehsalı və təchizatı ilə məşğul olan üç şirkət yer alır.
“Moskva Şəhər Daxili İşlər Baş İdarəsi dinc aksiyalarda iştirak edən, Aleksey Navalnını müdafiə edən, korrupsiyaya və Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı çıxan müstəqil jurnalistləri və müxalif fəalları izləyib və qanunsuz olaraq həbs edib. Bundan əlavə, qurum Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsi üçün hərbi səfərbərlikdən yayınmağa cəhd edən şəxsləri təqib edib. Onlar bu məqsədlərə çatmaq üçün Moskvanın üztanıma sistemindən repressiya vasitəsi kimi istifadə edib”, İttifaqın rəsmi jurnalında qeyd edilir.
Hazırda “Qlobal İnsan Hüquqları Sanksiya Rejimi” çərçivəsində Aİ-nin məhdudlaşdırıcı tədbirləri indi ümumilikdə 61 fiziki şəxsə və 20 quruma şamil edilir. Sanksiya edilmiş şəxslərin aktivləri dondurulur, Aİ vətəndaşlarına və şirkətlərinə onlara vəsait ayırmaq qadağan edilir. Fiziki şəxslərə əlavə olaraq səyahət qadağası tətbiq edilir.
Aİ Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin Rusiyada daxili repressiyaları gücləndirdiyini, söz və media azadlığını kəskin şəkildə məhdudlaşdırdığını deyib. İttifaq Rusiyada insan haqlarının vəziyyətinin pisləşməsinin davam etməsindən narahatlığını ifadə edib və tənqidi səslərə qarşı davamlı repressiyaları pisləyib.
Avropa İttifaqının 2020-ci ildə qəbul etdiyi, ABŞ-ın Qlobal Maqnitski Aktının analoqu olan “Qlobal İnsan Hüquqları Sanksiya Rejimi” beynəlxalq səviyyədə insan hüquqları pozuntularına görə tətbiq edilir. Aİ Xarici İşlər Şurasının 20 iyul tarixində baş tutan iclasında Əfqanıstanın Təhsil Naziri də daxil olmaqla daha 6 nəfərə qarşı cinsi və gender əsaslı zorakılığa görə sanskiya tətbiq edilməsinə qərar verilib.