Azərbaycan Prezidenti İlham Əliyevin tənqidi çıxışından sonra Gədəbəy rayonundakı Söyüdlü qızıl mədəni ilə bağlı yaradılmış hökumət komissiyasının sədri brifinq keçirib. Söyüdlü kənd sakini isə sədrin dediklərinin reallığı əks etdirmədiyini bildirib.
Söyüdlü kəndində vəziyyətin araşdırılması məqsədilə yaradılan Hökumət Komissiyasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyulun 12-də keçirdiyi brifinqdə deyib ki, Söyüdlü kəndində çirkləndirici maddələrin çox olması ilə bağlı narahatlıq olub.
"İlk gün aparılan hava keyfiyyətinin nəticələrinə görə təhlükəli maddələrin normadan artıq olmadığı məlum olub. Yəni hər şey norma daxilindədir".
Nazir bildirib ki, kənd sakinləri üçün müayinələrin aparılması təşkil olunub.
"Müayinədən imtina edənlər də oldu. Xəstəxana şəraitində yoxlanılan da var idi. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Gədəbəy rayonunun Söyüdlü kəndində sağlamlıq nöqteyi-nəzərdən sakinlərə ciddi təsirlərin olmadığı müəyyən edilib", o qeyd edib.
Onun sözlərinə görə, Söyüdlü kəndində xəstələnmə səviyyəsi ümumi rayon üzrə orta statistik göstəricilərdən aşağıdır.
“Bu da o deməkdir ki, xəstələnmə hallarının Söyüdlüdə olan tullantı ilə əlaqəli olduğu təsdiqlənməyib", o əlavə edib.
Komissiya sədri bildirib ki, 86 nöqtədə radiasiya fonu, zərərli qaz və digər əksər parametrlər üzrə göstəricilər normalar daxilində olub.
“Gədəbəyin Söyüdlü kəndində süni anbar 2011-ci ildə tikilib. Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur. Mövcud tullantı anbarının istismarı 3 aydan çox olmadığı, həmçinin ikinci anbarın tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq, istismarçı şirkətlə görüşdə də bu məsələlər səsləndirilib. Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub. Bu barədə razılıq əldə olunub və bu barədə Nazirlər Kabinetinə təklif veriləcək”, nazir qeyd edib.
Bununla yanaşı, adının açqlanmasını istəməyən Söyüdlü kənd sakini Amerikanın Səsinə deyib ki, Söyüdlü kəndinin əsas giriş yollarında hələ də polis postları qalmaqdadır.
“Kəndə yalnız yerli sakinlər buraxılır. Amma çevik polis qüvvələri artıq kəndi tərk edib”.
O, kənd camaatının Prezident İlham Əliyevin dünənki çıxışını dəstəklədiyini bildirib.
“Biz prezidentin çıxışını dəstəkləyirik və təqdir edirik. Prezident hökumət komissiyasının sədri, ekologiya və təbii sərvətlər nazirinin maraqlı şəxs olduğunu dedi və monitorinqlər aparılması üçün xarici ekspertlərin dəvət edilməsinin vacibliyini bildirdi. Biz sakinlər prezidentimizi dəstəkləyirik və müstəqil xarici ekspertərin tədqiqatlarını gözləyirik”, o qeyd edib.
SEE ALSO: Azərbaycan Prezidenti Söyüdlü hadisələri ilə bağlı tənqidi fikir bildiribSakin eyni zamanda Qızıl mədənində işlərin müvəqqəti dayandırılması ilə bağlı Babayevin dediklərini təsdiq etməyib.
“Qızıl mədəni bizim evimizdən görünür. Orada filizi üyüdən dəyirman xarab olmuşdu deyə işlər bir müddət dayadırıldı. Amma hazırda işlər bərpa olunub. Kimyəvi məhlulların axıdıldığı gölün ətrafından da texnikalar işini əvvəlki kimi davam etdirir. Biz bunu gözlərimizlə canlı müşahidə edirik”, sakin qeyd edib.
Sakin nazirin kənddə xəstəliklə bağlı problemin olmadığına dair söylədiklərini də dəstəkləməyib.
Bununla yanaşı o inzibati qaydada 20 sutka həbs edilən 5 kənd sakininin iyulun 9-da sərbəst buraxıldığını deyib.
Muxtar Babayevin keçirdiyi brifinq iyulun 11-də Prezident İlham Əliyevin onun ünvanına söylədiyi tənqidi fikirlərdən sonra baş tutub.
“Prezident ötən gün haqlı iradlar səsləndirib. Xüsusilə nazirliyin bəzi sahələrdəki fəaliyyətsizliyi ilə bağlı fikirlər söyləyib. Bütün tapşırıqlar icra olunacaq. Belə hallarla üzləşməmək üçün çalışacağıq”, nazir brifinqdə qeyd edib.
Prezident İlham Əliyev iyulun 11-də hökumətin iclasında deyib ki, Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir.
“Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”.
Dövlət başçısı hesab edir ki, bu hadisənin təbii səbəbi də var.
“O da ondan ibarətdir ki, xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır."
Prezident prokurorluq və digər aidiyyəti qurumlara göstərişlərin verildiyini bildirib. O həmçinin deyib ki, xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər.
“Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Baxmayaraq ki, pay bölgüsü haqqında saziş əsasında xarici investor Gədəbəydəki qızıl yataqlarını istismar edir, baxmayaraq ki, uzun illər burada çalışır, Azərbaycan qanunlarına, ekoloji tarazlığa - bütün bunlara hörmət edilməlidir."
SEE ALSO: Söyüdlü kəndində son durum və vətəndaş cəmiyyətinin narahatlığıİyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, indiyədək inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa bir neçə il əvvəl sakinlərin WhatsApp şəbəkəsində qrupunu yaradan Rusiya vətəndaşı olan Etibar Cabbarov, aksiya iştirakçısı Şöhrət Əsgərov və Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılov saxlanılıb. Rəsmi mənbələr hələ təsdiq etməsə də, sosial şəbəkələrdə Habil İsmayılovun narkotik itttihamı ilə həbs edildiyi bildirilir.
İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sədrlik edir.
Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.
"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.
Şirkət 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.
"Anglo Asian Mining" şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib.