Ermənistanla ilə dövlət sərhədində “Laçın” keçid məntəqəsindən buraxılış müvəqqəti olaraq dayandırılıb.
Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi iyulun 11-də məlumat yayıb.
Məlumatda deyilir ki, buna Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəb olub.
Sərhəd Ximdəti bildirir ki, BQXK-ya aid nəqliyyat vasitələrindən dəfələrlə qanunsuz yolla aparılan çoxsaylı mobil telefonlar, mobil telefonlara aid hissələr, siqaretlər, 1000 litrdən çox benzin aşkar edilib.
“Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmamışdır.
BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır. Qeyd edilən faktlarla əlaqədar Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılmışdır”, Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd edilir.
Dövlət Sərhəd Xidməti BQXK-nin nəqliyyat vasitələrindən bu ilin iyul ayında götürülmüş çoxsaylı mobil teıefonlar, mobil telefonların iki yüzdən çox hissələri, min qutudan çox siqaret, 1300 kiloqramdan çox benzin aşkar edərək götürdüyünü bildirdiyi video da yayıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Laçın koridoru ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır və belə fəaliyyətləri dəstəkləmir.
“BQXK-ya məxsus olan heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməmişdir. Bütün humanitar yüklər Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən yoxlanılır. Lakin təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib”.
BQXK bildirir ki, bu qurumun Laçın koridoru boyu gördüyü işlər yalnız humanitar xarakter daşıyır.
“600-dən artıq pasientin tibbi təxliyyəsinə və səhiyyə ocaqları üçün lazımi ləvazimatların, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaratmış bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir. Humanitar fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir”, BQXK Amerikanın Səsinin sorğusuna cavabda bildirir.
Azərbaycan aprelin 23-də Ermənistanla sərhəddə “Laçın” keçid-buraxılış məntəqəsini qurub. İyunun 15-də Ermənistan tərəfdən keçid məntəqəsi atəşə tutulub, Azərbaycanın bir sərhədçisi yaralanıb. Sərhəd-buraxılış məntəqəsi bir müddət bağlanıb.
İyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə görüşündə Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-ın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.
Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinə Xankəndinin erməni sakinlərinə yardımları çatdırmaq üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib.
İyunun 26-da sərhəd-keçid məntəqəsi yenidən açılıb.