Müsəlman Birliyi Hərəkatının fəalı 4 il həbsə məhkum edilib

Mahir Əzimov (Mənbə: Facebook)

İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının üzvü, bir il öncə külli miqdarda narkotik maddə alveri ittihamı ilə həbs edilmiş Mahir Əzimovu 4 il həbsə məhkum edib.

Məhkəmə ittihamı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən (narkotik maddənin qanunsuz hazırlanması, istehsalı, əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və ya satıışı) daha az ağır olan 234.1-1-ci maddəsinə (satış məqsədi olmadan eyni hərəkətlər) tövsif edib.

Birinci ittiham üzrə Əzimovu 5 ildən 12 ilədək, ikinci ittihamla 3 ildən 8 ilədək həbs təhlükəsi gözləyirdi. Prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Əzimov özü ittihamları rədd edib və bildirib ki, narkotik maddələri onun üzərinə polis məmurlarının özləri qoyublar.

Onun sözlərinə görə, polis ondan Müsəlman Birliyi Hərəkatından imtina etməyi tələb edib, əks halda cinayət işi ilə hədələyib.

Müdafiə tərəfi hesab edir ki, Əzimovun günahına dair səhih dəlillər təqdim edilməyib.

Vəkil Zibeydə Sadıqova diqqəti ona yönəldib ki, iş materiallarında ekspert rəyinə görə Əzimov narkotik maddə istifadəçisi deyil.

“Digər tərəfdən, məhkəmə müəyyən edib ki, narkotik maddələr "satış məqsədilə olmayıb". Belə vəziyyətdə sual yaranır ki, əgər o, narkotik maddə alverçisi və istifadəçisi deyilsə, niyə narkotik maddə daşıyırmış?” vəkil sual edib.

Vəkil bildirib ki, Əzimovun barədində hökmdən Apellyasiya Məhkəməsinə şikayət veriləcək.

Müsəlman Birliyi Hərəkatında hesab edir ki, Mahir Əzimovun təqib edilməsi siyasi motivlidir. Hərəkatda qeyd ediblər ki, hazırda təşkilatın 60-dan çox fəalı, o cümlədən lideri Taleh Bağırzadə (2015-ci ildə Nardaranda xüsusi əməliyyat zamanı həbs edilib və 20 il azadlıqdan məhrum edilib) həbsdədir.

Hüquq mühafizə orqanları bir qayda olaraq polisin narkotiki ittiham olunan şəxsin cibinə qoyması ilə bağlı iddiaları müdafiə məqsədi ilə irəli sürülən bəyanat kimi qiymətləndirir.