Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə müvafiq hökumət komissiyası tərəfindən ərazidə kompleks monitorinqlər davam etdirilir. Sosial şəbəkələrdə isə yeni həbslərin olduğu bildirilir.
Hökumət komissiyasının məlumatına görə, hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, tibbi sağlamlıq nöqteyi-nəzərindən xəstəliklərin statistikası və dinamikası təhlil edilir, tibbi müayinələr keçirilir: “Pay torpaqlarında və örüş sahələrində məhsuldarlığa, mal-qaraya neqativ təsirlər öyrənilir, su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır. Aparılan kompleks monitorinqlərin nəticələri təhlil olunacaq və təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək”, hökumət komissiyasının məlumatında deyilir.
AZƏRTAC dövlət agentliyi bildirir ki, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının 16 nəfərdən ibarət tibbi briqadası tərəfindən Söyüdlü həkim tibb məntəqəsində yerli sakinlərin tibbi müayinələri aparılır. Həkim briqadasının tərkibinə terapevt, kardioloq, pediatr, lor, cərrah, nevroloq, psixiatr, ultrasəs və laborator xidmətlər üzrə mütəxəssislər daxildir.
“İndiyədək müayinədən keçmək üçün müraciət edən 30 nəfərədək vətəndaşın hər biri zəruri laborator və instrumental müayinələrdən keçirilib və onlarda xüsusi patologiyalar aşkar edilməyib”, məlumatda deyilir.
Bu gün sosial şəbəkələrdə Söyüdlü kəndindəki hadisələrdən sonra həbs edilən 5 nəfərlə yanaşı yeni həbslərin olduğu barədə məlumatlar yayılıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Söyüdlü kəndində akisyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılov narkotik ittihamı ilə həbs edilib və barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.
Həmçinin sosial şəbəkələrdə saxlanılan şəxslərin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirildiyi barədə də məlumatlar yayılıb.
Belə ki, Milli Məclisin keçmiş deputatı, sahibkar Nazim Bəydəmirli sosial şəbəkələrdə və mətbuatda yayılan hüquq-mühafizə orqanlarının onun Söyüdlü kəndindəki etirazların təşkilində iştirakını araşdırması haqqında məlumatlarla bağlı şərh verib.
"İki gündür mənim adımı Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələrdə hallandıraraq müxtəlif şaiyələr yayırlar. İndi də guya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə altında Soyudlü kəndindən Bakıya gətirilmiş həbs edilənlərdən mənə qarşı ifadə alınması haqqında "xəbərlər" məqsədli tirajlanır. Bu "xəbərlər" yaxınlarımı, qohumlarımı, dostlarımı, ailə üzvlərimi narahat etdiyindən açıqlama verməyinizi (hüquq-mühafizə orqanlarından) xahiş edirəm", Bəydəmirli Facebook səhifəsində yazıb.
Bəydəmirlinin mesajı ilə bağlı sorğuya cavabda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, "Söyüdlü kəndində baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir və burada naharahatlıq doğuran hər hansı hal yoxdur".
Saxlanılan bəzi şəxslərdən Bəydəmirlinin əleyhinə ifadə alınması ilə bağı məsələyə gəlincə, Hacıyev bunu "deyən şəxsin şəxsi mülahizəsi" adlandırıb.
Bununla yanaşı Amerikanın Səsinin yeni həbslər barədə yayılan xəbərlərlə bağlı hüquq mühafizə orqanlarına ünvanladığı sorğulara hələ cavab verilməyib.
İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.
İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb.
Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.
"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.
"Anglo Asian Mining" şirkəti 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.
"Anglo Asian Mining" şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib.