NİDA Vətəndaş Hərəkatı İdarə heyətinin üzvü Elmir Abbasova 20 sutka həbs cəzası verilib.
Bu barədə iyunun 23-də Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib.
Vəkil Zibeydə Sadıqovanın Amerikanın Səsinə verdiyi məlumata görə, işə baxan hakim Fikrət Əliyev Elmir Abbasov barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) maddəsinə xitam verib.
Elmir Abbasova İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin müvafiq əminə tabe olmamaq) ilə təqsirli bilinərək 20 sutka həbs cəzası verilib.
"Hakim Elmir Abbasovun pis rəftara məruz qalması bağlı Sumqayıt Şəhər prokurorluğuna məlumat göndərdi" - deyə, vəkil bildirib.
Zibeydə Sadıqovanın sözlərinə görə, məhkəmədə müdafiə elədiyi şəxs özünü təqsirli bilməyib və ümimiyyətlə Sumqayıtda küçədə nalayiq ifadələrlə söyüş söyməyib.
"Elmir mənə dedi ki, həbsi tənqidi yazılarına görədir" - deyə, vəkil qeyd edib.
Bununla bağlı Sumqayıt Şəhər Məhkəmsindən şərh almaq mümkün olmayıb.
Müdafiə tərəfi qərardan apellyasiya şikayətini verəcəyini istisna etməyib.
NİDA Vətəndaş Hərəkatı İdarə heyətinin üzvü Elmir Abbasov iyunun 21-də axşam saxlanılıb.
"Elmirin doğmalarının məlumatına görə, iyunun 22-də axşam saat 22:00-a yaxın o, anasına zəng edib deyib ki, evə gəlir, marketdən bir şey almaq lazımdırmı? Ancaq evə gəlməyib və onunla əlaqə kəsilib. Bu gün məlum olub ki, Elmiri saxlayıblar ", Hərəkatdan Turan-a bildiriblər.